Robert Levandovski – La Liqada oktyabrın ən yaxşı oyunçusu!

İspaniyanın “Barselona” klubunun polşalı hücumçusu Robert Levandovski La Liqada oktyabr ayının ən yaxşı oyunçusu seçilib.

Arena.az xəbər verir ki, bu barədə İspaniya La Liqasının rəsmi saytı məlumat yayıb.

36 yaşlı futbolçu ötən ay “Alaves”lə matçda het-trik edib, “Sevilya” və “Real”la (Madrid) görüşlərdə isə dubla imza atıb. Ümumilikdə, oktyabrda 3 oyuna çıxıb, 7 qola imza atan forvard ayın oyunçusu adına layiq görülüb.

Qeyd edək ki, Levandovski ilə yanaşı Vinisius Junior (“Real”), Antuan Qrizmann (“Atletiko”), Aleks Berencer (“Atletik”) və Mikel Oyarzabal (“Real Sosyedad”) da bu ad uğrunda mübarizə aparırdı.

Bu mövsüm ayın ən yaxşı oyunçusu mükafatları yalnız “Barselona” futbolçularına qismət olub. Avqustda Rafinya, sentyabrda isə Lamin Yamal ən yaxşı elan edilmişdi.

Robert Levandovski “Barselona”ya 2022-ci ilin iyul ayında 45 milyon avro məbləğ müqabilində “Bayern”dən keçib. Tərəflər arasındakı müqavilə daha 1 il müddətinə uzadılması imkanı ilə 2026-cı il iyun ayının sonuna qədər qüvvədədir.

Polyak hücumçu cari mövsümdə “Barselona”nın heyətində 14 oyuna çıxıb, 17 qol vurub və 2 məhsuldar ötürmə verib. Levandovskinin Kataloniya klubu üçün çıxışı ümumilikdə 109 oyun, 76 qol və 19 məhsuldar ötürmədən ibarətdir.

Təcrübəli hücumçu karyerası ərzində “Borussiya” (Dortmund), “Lex” (Poznan), “Zniç”, “Legiya” (Varşava) və “Delta” komandalarında da çıxış edib.

Robert Levandovski hazırda kapitanı olduğu və 2008-ci ilin sentyabr ayında debüt etdiyi Polşa yığmasının heyətində 156 oyun keçirib, 84 qol vurub, 35 məhsuldar ötürmə verib. Robert hər iki göstərici üzrə Polşa yığma komandasının mütləq rekordçusudur.

“Transfermarkt” internet-portalı 36 yaşlı polyak hücumçunun transfer dəyərini 15 milyon avro məbləğində qiymətləndirir.

11 turdan sonra 30 xal toplamış “Barselona” La Liqanın yarış cədvəlinə başçılıq edir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: