Roberto Mançini istefaya göndərildi

İtalyan mütəxəssis Roberto Mançini futbol üzrə Səudiyyə Ərəbistanı yığmasının baş məşqçisi vəzifəsindən istefaya göndərilib.

Arena.az bu barədə Səudiyyə Ərəbistanı yığma komandasının mətbuat xidmətinə istinadən məlumat verir.

Mançini çalışdırdığı kollektivin qeyri-qənaətbəxş nəticələrinə, eləcə də məşqçi ilə komanda arasında münasibətlərin korlanmasına görə vəzifəsindən azad edilib. Ələlxüsus, komandanın son 5 oyunda cəmi 1 qələbə qazanması mənzərəsində italyan mütəxəssislə ərəb komandasının futbolçuları və rəhbərliyi arasında fikir ayrılığının yarandığı vurğulanır.

Xatırladaq ki, Mançini Səudiyyə Ərəbistanı yığmasının sükanı arxasına 2023-cü ilin avqust ayında gətirilmişdi. İtalyan mütəxəssislə müqavilənin müddəti 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədə idi.

Çalışdırdığı müddətdə Mançini Səudiyyə Ərəbistanı yığmasını 18 oyuna çıxarıb, 7 qələbə, 5 heç-heçə, 6 məğlubiyyət yaşayıb. Topların fərqi isə 26:22 nisbətindədir.

59 yaşlı Mançininin növbəti addımları barədə məlumat yoxdur. Səudiyyə Ərəbistanı Futbol Federasiyası (SAFF) isə komandanın sükanını, yığmanı daha əvvəl 2019-cu ilin iyun ayından 2023-cü ilin mart ayına qədər çalışdırmış fransız mütəxəssis Erve Renara həvalə etmək istəyir.

Roberto Mançini Səudiyyə Ərəbistanı millisindən öncə İtaliya yığmasına da rəhbərlik edib. O, Mançini 2018-ci ilin mayından 2023-cü ilin avqustuna qədər ölkəsinin yığmasını çalışdırıb. İtalyan mütəxəssisin uğurlu fəaliyyəti ilə “skuadra adzurra” AÇ-2020-nin qalibi olmağı bacarıb. Bununla yanaşı, Mançini İtaliya yığması ilə UEFA Millətlər Liqasında 2 dəfə bürünc medal qazanıb (2021, 2023). Roberto Mançininin çalışdırdığı kollektiv 2022-ci ildə Çempionların CONMEBOL-UEFA Kuboku çərçivəsində keçirilmiş “Finalissima” oyununda dünya çempionu Argentina yığmasına 0:3 hesabı ilə məğlub olaraq, gümüşlə kifayətlənib.

Roberto Mançini məşqçilik karyerası ərzində İtaliyanın “Fiorentina”, “Latsio” və “İnter”, İngiltərənin “Mançester Siti”, Türkiyənin “Qalatasaray” və Rusiyanın “Zenit” (Sankt-Peterburq) klublarını çalışdırıb. İtalyan mütəxəssis güclü təşkilati bacarığı, meydanda və meydandan kənarda futbol ab-havasını tənzimləyə bilmək qabiliyyəti ilə səciyyəvidir. Maraqlıdır ki, Mançini çalışdırdığı bütün kollektivlərlə uğur qazana bilib.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: