İtaliyan mütəxəssis Roberto Mançini İtaliya millisinin sükanı arxasından Səudiyyə Ərəbistanı yığmasına keçidinə görə peşmanlıq çəkir.
Arena.az “Fotball Italia” nəşrinə istinadən, italyan mütəxəssisin bu barədə fikrini təqdim edir:
“Bir daha bu qərarı verməzdim. Texniki səbəblərə görə, futbol səbəblərinə görə, çünki İtaliya yığmasının baş məşqçisi olmaq ən yaxşı işdir. Xeyr, bir daha eyni seçimi etməzdim.
İtaliya Futbol Federasiyasının (FIGC) prezidenti Qabriele Qravina ilə münasibətləri pozulubmu? Bəlkə də bir-birimizi başa düşmədik. Əgər biz daha çox söhbətləşsəydik, bəlkə də hər şey başqa cür olardı, amma mənim prezidentə qarşı heç bir qərəzim yoxdur.
Ölkəmi təmsil etmək əvəzinə pul dalınca qaçdımmı? Hekayəm mənim əvəzimə danışır. Mənim haqqımda xəbəri olmayanlar geri qayıdıb hər şeyə yenidən baxa və sonra bu haqda danışa bilərlər”, deyə Mançini vurğulayıb.
Xatırladaq ki, Mançini Səudiyyə Ərəbistanı yığmasının sükanı arxasına 2023-cü ilin avqust ayında gətirilmişdi. İtalyan mütəxəssislə müqavilənin müddəti 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədə idi.
Çalışdırdığı müddətdə Mançini Səudiyyə Ərəbistanı yığmasını 18 oyuna çıxarıb, 7 qələbə, 5 heç-heçə, 6 məğlubiyyət yaşayıb. Topların fərqi isə 26:22 nisbətindədir.
Roberto Mançini Səudiyyə Ərəbistanı yığmasından öncə İtaliya yığmasını çalışdrıb. İtalyan mütəxəssis 2018-ci ilin mayından 2023-cü ilin avqustuna qədər “skuadra adzurra”nın sükanı arxasında olub. Mançini uğurlu fəaliyyəti ilə İtaliya yığması AÇ-2020-nin qalibi olmağı bacarıb. Bununla yanaşı, Mançini İtaliya yığması ilə UEFA Millətlər Liqasında 2 dəfə bürünc medal qazanıb (2021, 2023). Roberto Mançininin çalışdırdığı kollektiv 2022-ci ildə Çempionların CONMEBOL-UEFA Kuboku çərçivəsində keçirilmiş “Finalissima” oyununda dünya çempionu Argentina yığmasına 0:3 hesabı ilə məğlub olaraq, “gümüş”lə kifayətlənib.
Roberto Mançini məşqçilik karyerası ərzində “Fiorentina”, “Latsio” və “İnter”, “Mançester Siti”, “Qalatasaray” və “Zenit” (Sankt-Peterburq) komandalarını çalışdırıb. İtalyan mütəxəssis güclü təşkilati bacarığı, meydanda və meydandan kənarda futbol ab-havasını tənzimləyə bilmək qabiliyyəti ilə səciyyəvidir. Maraqlıdır ki, Mançini çalışdırdığı bütün kollektivlərlə uğur qazana bilib.