Portuqaliya yığmasının baş məşqçisi Roberto Martines “Portuqaliya yığması Kristiano Ronaldodan asılıdırmı?” sualını cavablayıb.
Arena.az “Record” nəşrinə istinadən, ispan mütəxəssisin bu barədə fikrini təqdim edir:
“Kristiano yaxşı formadadır. İndi sentyabrdır. O, klubda üç oyun keçirib və qol vurub. Biz bütün oyunçuları qorumalıyıq. Kristiano hər biri 90 dəqiqəlik iki oyunu oynaya bilməz.
Onun münasibəti xoşuma gəldi. O, inanılmaz oyunçudur, amma biz ondan asılı deyilik”, deyə Roberto Martines vurğulayıb.
Xatırladaq ki, “Əl-Nəsr”i ulduz hücumçusu UEFA Millətlər Liqasının Xorvatiya (2:1) və Şotlandiya (2:1) yığmalarına qarşı oyunları çərçivəsində komandasının qələbə qollarına imza atıb. Bu, həm də Ronaldonun tarixi nailliyəti olaraq gerçəkləşib. Portuqal ulduz hücumçu karyerası ərzində 900-cü və 901-ci qollarına imza atıb və bu nəticəyə nail olmuş ilk futbolçu ünvanını qazanıb.
Kristiano Ronaldo hazırda kapitanı olduğu, 2003-cü ilin avqust ayının 20-də debüt etdiyi Portuqaliya yığmasının heyətində 213 oyun keçirib, 132 qol vurub və 45 məhsuldar ötürmə verib. Ronaldonun yığma komandanın heyətindəki oyun və qol sayı mütləq dünya rekordudur.
Ronaldo futbol tarixində rəsmi oyunlarda 901 qol vurmuş ilk futbolçudur. Ulduz hücumçu Lissabon “Sportinq”ində 5, “Mançester Yunayted”də 145, “Real”da 450, “Yuventus”da 101, “Əl-Nəsr”də 68, Portuqalia yığmasında isə 132 qol vurub. Ronaldo futbol tarixinin, milli komandaların, Avropa çempionatının, Çempionlar Liqasının və FIFA Klub Dünya Kubokunun ən sərrast futbolçusudur.


