İtaliyanın “Kalyari” klubunun mərkəz hücumçusu Roberto Pikkoli bundan sonra “Fiorentina”nın uğurları üçün çalışacaq.
Arena.az xəbər verir ki, bu barədə Florensiya klubu rəsmi saytı vasitəsilə məlumat yayıb.
“Fiorentina” bu transferi 25 milyon avroya rəsmiləşdirib. 24 yaşlı italiyalı forvardla 5 illik (2030-cu ilin 30 iyununadək) müqavilə imzalanıb.
Roberto Pikkoli “Atalanta”nın yetirməsidir. O, Berqamo təmsilçisinin əsas komandasında cəmi 15 oyuna çıxıb və 1 qol vurub. “Atalanta” Pikkolini müxtəlif illərdə “Spetsiya”, “Cenoa”, “Verona”, “Empoli”, “Leççe” kimi klublara icarəyə verib. 2024/2025-ci illər mövsümündə isə hücumçu “Kalyari”də icarədə olub. O, “Kalyari”də 41 oyun keçirib, 12 qol vurub, 4 məhsuldar ötürmə verib. Məhz bu məhsuldarlığına görə “Kalyari” bu yay “Atalanta”ya 12 milyon avro ödəməklə Pikkolinin transfer hüquqlarını da almışdı. Göründüyü kimi, klub rəhbərliyinin bu siyasəti özünü doğruldub və “Kalyari”yə ikiqat qazanc gətirib.
Pikkoli İtaliyanın U-15, U-16, U-18, U-19 və U-21 yığmalarında oynasa da, əsas millidə debüt şansı qazanmayıb.



