Futbol üzrə İspaniya millisinin və “Mançester Siti”nin yarımmüdafiəçisi Rodri “Qızıl top” mükafatını qazanmaqlaə bir neçə seriyaya son qoyub.
Arena.az xəbər verir ki, son 9 ildə ilk dəfə mükafatı 30 yaşadək olan oyunçu qazanıb.
28 yaşlı Rodridən əvvəlki 8 qalibin hamısı “30”u keçmiş futbolçular olublar. Sonuncu dəfə 2015-ci ildə 28 yaşlı Lionel Messi “Qızıl top”a sahib çıxıb.
30 yaşdan yuxarı futbolçuların seriyasını qıran Rodri ispaniyalıların 64 illik həsrətinə də son qoyub. 1960-cı ildən sonra ilk dəfə mükafatı bu ölkədən olan oyunçu qazanıb. Həmin vaxt “Barselona”nın yarımmüdafiəçisi Luis Suares ən yaxşı olub.
Rodriqo Ernandes İngiltərə Premyer Liqasında çıxış etdiyi vaxt “Qızıl top” qazanıb. Belə hadisə sonuncu dəfə 16 il əvvəl yaşanıb. Həmin vaxt “Mançester Yunayted”in hücumçusu Kristiano Ronaldo ən yaxşı seçilib.
Xatırladaq ki, Rodri “Qızıl top” uğrunda mübarizədə Madrid “Real”ında çıxış edən Vinisius Juniorla Cud Bellingemi qabaqlayıb. İspan futbolçuya baş mükafat Fransanın paytaxtı Paris şəhərində ötən gecə təşkil olunmuş təntənəli mərasimdə təqdim olunub.
“Real” 2023/2024 mövsümündə dünyanın ən yaxşı klubu mükafatına layiq görülüb. Qadınlar arasında isə analoji mükafat İspaniyanın digər klubu “Barselona”ya qismət olub.
Mövsümün ən sərrast futbolçuları Harri Keyn (“Bayern”) və Kilian Mbappe (“Real”) seçiliblər. 52 qol vuran forvardlar Gerd Müller mükafatına layiq görülüblər.
Argentina yığması və “Aston Villa”nın qapıçısı Emiliano Martines ən yaxşı qapıçı nominasiyasında Lev Yaşin mükafatını qazanıb.


