İspaniya yığmasının dayaq yarımmüdafiəçisi Rodri Almaniyada keçirilmiş 2024-cü il Avropa çempionatının ən yaxşı oyunçusu seçilib.
Arena.az məlumat verir ki, o, mötəbər yarış çərçivəsində 6 oyun keçirib, 1 qol vurub və İspaniya yığması ilə qitə birinciliyinin qalibi olub.
Xatırladaq ki, iyulun 14-də İspaniya yığması AÇ-2024-ün finalında İngiltərə yığması üzərində 2:1 hesablı qələbə qazanmaqla, tarixində 4-cü dəfə Avropa çempionatının qalibi olub və bununla da mütləq rekord müəyyənləşdirib.
Rodri Madrid “Atletiko”sunun yetirməsidir. İspan “dayaqçı” “Mançester Siti”yə 2019-cu ilin iyulunda 70 milyon avro müqabilində elə, “Atletiko”dan keçib. Rodrinin “Mançester Siti” ilə müqaviləsi 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.
Artıq geridə qalmış 2023/2024-cü illər mövsümündə Rodri “şəhərlirlər”in heyətində bütün yarışlarda 50 oyuna çıxıb, 9 qol vurub, 14 məhsuldar ötürmə verib.
Rodri “Mançester Siti” ilə İngiltərə Premyer Liqasının (2020/2021, 2021/2022, 2022/2023, 2023/2024), İngiltərə Kubokunun (2023), İngiltərə Liqa Kubokunun (2020, 2021), İngiltərə Super Kubokunun (2020), Çempionlar Liqasının (2022/2023), UEFA Super Kubokunun (2023/2024), FIFA Klub Dünya Kubokunun (2024) qalibi olub. Rodri həmçinin 2022/2023 mövsümü Çempionlar Liqasında mövsümün oyunçusu seçilib.
Rodriqo Ernandes 2018-ci ilin martında debüt etdiyi İspaniya yığmasının heyətində 56 oyun keçirib, 4 qol vurub, 2 məhsuldar ötürmə verib. Rodri İspaniya yığması ilə 2023-cü il UEFA Millətlər Liqasının və 2024-cü il Avropa çempionatının qalibi olub.
“Transfermarkt” internet-portalı 28 yaşlı yarımmüdafiəçinin transfer dəyərini 120 milyon avro məbləğində qiymətləndirir. Bu isə Rodrinin futbol tarixində ən bahalı ispan futbolçu olması deməkdir.


