İngiltərənin “Mançester Siti” komandasının dayaq yarımmüdafiəçisi Rodriqo Ernandes tarixin ən bahalı ispan futbolçusudur.
Arena.az bu barədə “Transfermarkt” internet-portalına istinadən məlumat verir.
Nüfuzlu “Transfermarkt” internet-portalı son yeniləməsindən sonra Rodrinin transfer qiymətini 110 milyon avro məbləğində qiymətləndirir. “Barselona”nın 21 yaşlı mərkəz yarımmüdafiəçisi Pedri isə nüfuzlu internet-portal tərəfindən 100 milyon avro məbləğində qiymətləndirilir.
Rodri “Atletiko Madrid”in yetirməsidir. İspan “dayaqçı” “Siti”yə 2019-cu ilin iyulunda 70 milyon avro müqabilində elə, “Atletiko”dan keçib. Rodrinin “Mançester Siti” ilə müqaviləsi 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.
Cari mövsümdə Rodri “şəhərlirlər”in heyətində bütün yarışlarda 21 oyuna çıxıb, 4 qol vurub, 6 məhsuldar ötürmə verib.
Rodri “Mançester Siti” ilə İngiltərə Premyer Liqasının (2020/2021, 2021/2022, 2022/2023), İngiltərə Kubokunun (2023), İngiltərə Liqa Kubokunun (2020, 2021), İngiltərə Super Kubokunun (2020), Çempionlar Liqasının (2022/2023), UEFA Super Kubokunun (2023/2024) qalibi olub. Rodri həmçinin 2022/2023 mövsümü Çempionlar Liqasında mövsümün oyunçusu seçilib.
Rodriqo Ernandes 2018-ci ilin martında debüt etdiyi İspaniya yığmasının heyətində 48 oyun keçirib, 1 qol vurub, 2 məhsuldar ötürmə verib. Rodri İspaniya yığması ilə 2023 UEFA Millətlər Liqasının qalibi olub.


