“Sumqayıt”ın yarımüdafiəçisi Roi Kehat Premyer Liqanın 24-cü turunda “Qarabağ”a qarşı keçirdikləri səfər oyunundan danışıb.
Xatırladaq ki, bu görüş qonaq komandanın 0:2 hesablı məğlubiyyəti ilə yekunlaşıb. Matçın ardından “kimyaçılar”ın israilli yarımmüdafiəçisi Arena.az saytının əməkdaşının da suallarını cavablandırıb:
– Oyunla bağlı düşüncələriniz nədir?
– “Qarabağ” hazır komandadır. Rəqibin geniş heyəti var. Məndə belə bir hiss var idi ki, biz bu oyunda qalib gələ bilərik. Əlbəttə, nəticədən razı qala bilmərəm. Çoxdan idi ki, uduzmurduq. Artıq bu oyunu unutmaq, irəlidəki oyunlara baxmaq lazımdır.
– Uduzsanız da, ikinci pillədə qaldınız. Cari mövsümdəki çıxışınızı necə dəyərləndirirsiniz? İkinci yerdə qala biləcəksiniz?
– Əlbəttə, hədəfimiz mümkün qədər yuxarılarda qalmaqdır. İndidən turnir cədvəli haqda danışmaq erkəndir. Biz oyundan-oyuna köklənməliyik. Çempionatın sonuna beş tur qalmış deyə bilərik ki, kim hansı mövqe uğrunda mübarizə aparır.
– İkinci yer avrokuboklara vəsiqə qazanmağa imkan verir. “Sumqayıt” avrokuboklarda mübarizə aparmağa hazırdırmı?
– Klubumuz inkişaf edir. Biz bunu hər həftə görürük. Belə davam etsək və öz üzərimizdə işləsək, deyə bilərəm ki, bu komanda avrokuboklara hazır olacaq.
– Bugünkü çıxışını necə dəyərləndirirsən?
– Məncə, meydanda yaxşı işlər gördüm. Komanda yoldaşlarıma şərait yaratmağa çalışdım. Təəssüf ki, qol vura bilmədik. Ümumi götürsək, çıxışım qənaətbəxş alındı.
– Növbəti tur evdə “Kəpəz”lə qarşılaşaqcaqsınız. Bu oyun haqda fikirlərin necədir?
– Bizim birinci oyunumuz bu stadionda əla alınmışdı. Azarkeşlərin dəstəyi bizi qələbəyə məcbur edirdi. İstəyərdim ki, azarkeşlərimiz yenə stadiona gəlsinlər. Oyun bizim üçün vacibdir. Qələbə qazanmağa çalışacağıq.
Xatırladaq ki, Roi Kehat “Qarabağ”la oyunda 90 dəqiqə mübarizə aparıb. Bu, 2023-cü ilin iyul ayından “Sumqayıt”da çıxış edən 31 yaşlı futbolçunun sözügedən komandada 26-cı oyunu olub. O, bu oyunlarda 6 qol vurub, 1 assistlə yadda qalıb.
Nahid Ustaclı


