İtaliyanın “Roma” klubu italyan mərkəz yarımmüdafiəçisi Edoardo Bove ilə razılığa gələrək, müqaviləsinin müddətini artırıb.
Arena.az bu barədə paytaxt təmsilçisinin rəsmi saytına istinadən məlumat verir.
İtaliyanın gənclərdən ibarət yığmasının (U-21) yarımmüdafiəçisinin “canavarlar”la yenilənmiş müqaviləsi 2028-ci ilin iyun ayının sonuna qədər qüvvədə olacaq.
Bove “Roma”nın yetirməsidir. Edoardo 2021-ci ilin iyulunda “Roma”nın əsas komandasına cəlb edilib.
Cari mövsümdə Bove “Roma”nın heyətində 19 oyuna çıxıb, 1 qol vurub, 2 məhsuldar ötürmə verib. Gənc yarımmüdafiəçinin “canavarlar” üçün çıxışının ümumi mənzərəsi isə belədir: 66 oyun, 4 qol, 2 məhsuldar ötürmə.
Bove “Roma” ilə 2021/2022 mövsümündə Avropa Konfrans Liqasının ilk qalibi olub.
Edorado Bove İtaliyanın U-16, U-18, U-20, U-21 yığmalarına cəlb edilib və mütəmadi olaraq bu kollektivlərdə çıxış edib. Yarımmüdafiəçi “skuadra adzurra”nın əsas heyətinə hələ çağırılmayıb.
“Transfermarkt” internet-portalı Edoardo Boveni 10 milyon avro məbləğində qiymətləndirir.


