Sankt-Peterburq “Zenit”inin braziliyalı mərkəz yarımmüdafiəçisi Vendel İtaliyanın “Roma” klubunun maraq dairəsindədir.
Arena.az “Fantacalcio”ya istinadən xəbər verir ki, paytaxt klubu uzun müddətdir, braziliyalı futbolçunun Rusiyadakı çıxışlarını izləyir.
Vendel 2020-ci ilin oktyabrından Rusiya komandasında çıxış edir. Məlumatda Vendelin qarşıdan gələn mövsümlərarası fasilədə “Roma”nın əsas transfer hədəfləri siyahısında olduğu bildirilir. Tərəflərin artıq əlaqə saxladığı da vurğulanıb. “Canavarlar” “Zenit”lə bu xüsusda danışıqların gərgin keçəcəyi ehtimalında belə, braziliyalı yarımmüdafiəçi uğrunda mübarizə aparmağa hazırdırlar. İlkin mərhələdə müqavilə, şərti olaraq 20 milyon avro məbləğində qiymətləndirilir.
Vendelin özünün də yaxın aylarda Rusiya klubundan getməkdə israrlı olduğu bildirilib. Bu barədə məlumata sahib olan “Roma” futbolçunu sıralarına qatmaq istiqamətində fəallığa başlayıb.
Artıq geridə qalmış cari mövsümdə Vendel “Zenit”in heyətində 33 oyunda meydana çıxaraq 9 qol vurub və 5 məhsuldar ötürmə ilə fərqlənib. Tam adı Markus Vendel Valle da Silva olan futbolçu bu komanda ilə Rusiya çempionluğunu qazanıb.
“Transfermarkt” internet-portalı futbolçunu 22 milyon avro məbləğində qiymətləndirir.


