“Çelsi”nin keçmiş sahibi, rusiyalı milyarder Roman Abramoviç yeni bir layihə çərçivəsində yeni bir futbol klubu ala bilər.
Arena.az xəbər verir ki, iş adamı İspaniyanın aparıcı klublarından bir “Valensiya”nı almaqda maraqlıdır.
Bu barədə AS dərgisi məlumat yayıb.
Hazırda çətin tarixi dövrün yaşayan İspaniya komandasının azarkeşləri ümid edirlər ki, mümkün sahibi özünün gətirdiyi dəyişiklikləri ilə klubun mövqeyini xeyli yaxşılaşdıracaq, “Valensiya” yenidən futbol səhnəsində iddialarını sürdürəcək.
Hazırda “Valensiya” La Liqanın yarış cədvəlində 27 oyundan 40 xalla 8-ci pillədə qərarlaşıb.
Xatırladaq ki, Roman Abramoviç “Çelsi”yə 2003-cü ildə sahib olmuşdu. 2022-ci ildə rusiyalı oliqarxlara qarşı tətbiq edilən sanksiyalardan sonra iş adamı “zadəganlar”ı satmaq qərarına gəlib. Abramoviçin dövründə “Çelsi” 19 ildə 5 dəfə İngiltərə Premyer Liqasını qazanıb, 5 dəfə İngiltərə Kubokunun, 3 dəfə İngiltərə Liqa Kubokunun, 2 dəfə İngiltərə Super Kubokunun qalibi olub. Beynəlxalq arenada “Çelsi” 2 dəfə Çempionlar Liqasını və 2 dəfə Avropa Liqasını qazanıb. Bu klub həmçinin UEFA Super Kubokunun və FIFA Klub Dünya Kubokunun qalibi olub.


