“Napoli”nin hücumçusu Romelu Lukaku Belçika Kral Futbol Federasiyasına (RBFA) 2025-ci ilə qədər milli komandada oynamayacağını bildirib.
Arena.az xəbər verir ki, Lukaku bütün diqqətini yeni klubunda çıxış etməyə cəmləşdirdiyi üçün bu qərarı verib.
Vurğulanır ki, belçikalı futbolçunun bu qərarının heç bir pərdəarxası yoxdur.
Yeri gəlmişkən, “Napoli”nin baş məşqçisi Antonio Konte Romelu Lukakunun 1 qol vurduğu və 2 məhsuldar ötürmə verdiyi “Komo” ilə İtaliya A Seriyasının 7-ci tur oyunundan (3:1) sonra, belçikalı hücumçu haqda fikrini paylaşıb:
“Lukaku oyunun tarazlığını dəyişərək bizim xeyrimizə yaxşılaşdırır. Mövsümün əvvəlində belə bir mənzərəni təsəvvür etmək çətin idi. Ondan gözləntilərimiz çoxdur və biz belə gözəl axşamlarda azarkeşləri sevindirmək istəyirik”, deyə Konte vurğulayıb.
Romelu Lukaku futbola “Lyers”də qədəm qoyub, karyerası ərzində “Anderlext”, “Çelsi”, “Vest Bromviç”, “Everton”, “Mançester Yunayted”, “İnter” və “Roma”da çıxış edib. O, “Napoli”yə 2024-cü ilin avqust ayında “Çelsi”dən keçib. Neapol klubu Lukakunun tamhüquqlu əsasda keçidi müqabilində “Çelsi”yə 30 milyon avro məbləğində ödəniş edib və belçlikalı futbolçu ilə müddəti 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədə olacaq müqavilə imzalayıb.
Cari mövsümdə Lukaku “Napoli” üçün keçirdiyi 6 oyunda 3 qol vurub və 5 məhsular ötürmə verib.
Romelu Lukaku 2010-cu ilin mart ayında debüt etdiyi Belçika yığmasının heyətində 119 oyun keçirib, 85 qol vurub, 18 məhsuldar ötürmə verib.
“Transfermarkt” internet-portalı 31 yaşlı belçikalı hücumçunun transfer dəyərini 30 milyon avro məbləğində qiymətləndirir.


