Romelu Lukaku “Qarabağ”a qarşı oynamayacaq

“Napoli”nin hücumçusu Romelu Lukaku UEFA Çempionlar Liqasının əsas mərhələsinin “Qarabağ”la oyununda iştirak edə bilməyəcək.

Arena.az bu barədə Neapol təmsilçisinin mətbuat xidmətinə istinadən xəbər verir.

Belə ki, 32 yaşlı hücumçunun adı turnirin ilk 8 görüşü üçün iştirak ərizəsinə daxil edilməyib. Buna forvardın zədəli olması səbəb göstərilib. Bud nahiyəsindən zədə almış Lukakunun 3-4 ay yaşıl meydanlardan kənarda qalacağı gözlənilir.

Hazırkı İtaliya çempionu Lukakunun əvəzində “Mançester Yunayted”dən icarəyə götürdüyü Rasmus Höylundu siyahıya daxil edib.

Xatırladaq ki, “Qarabağ” “Napoli” ilə noyabrın 25-də İtaliyada üz-üzə gələcək.

Romelu Lukaku futbola “Lyers”də qədəm qoyub. Romelu karyerası ərzində “Anderlext”, “Çelsi”, “Vest Bromviç”, “Everton”, “Mançester Yunayted”, “İnter” və “Roma”da çıxış edib.

Lukaku “Napoli”yə 2024-cü ilin avqust ayında “Çelsi”dən keçib. Neapol klubu Lukakunun tamhüquqlu əsasda keçidi müqabilində “Çelsi”yə 30 milyon avro məbləğində ödəniş edib və belçlikalı futbolçu ilə müddəti 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədə olacaq müqavilə imzalayıb.

Geridə qalmış 2024/2025-ci illər mövsümündə Lukaku “Napoli” üçün keçirdiyi 38 oyunda 14 qol vurub və 11 məhsular ötürmə verib.

Romelu Lukaku 2010-cu ilin mart ayında debüt etdiyi Belçika yığmasının heyətində 124 oyun keçirib, 89 qol vurub, 18 məhsuldar ötürmə verib.

“Transfermarkt” internet-portalı 32 yaşlı belçikalı hücumçunun transfer dəyərini 22 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri sosial şəbəkələrdə paylaş: