Futbol üzrə Belçika millisinin və “Napoli”nin mərkəz hücumçusu Romelu Lukaku bundan sonra “Fənərbağça”nın uğurları üçün çalışacaq.
Arena.az xəbər verir ki, bu barədə İstanbul təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
33 yaşlı hücumçu ilə 1+1 illik müqavilə imzalanıb. “Fənərbağça” bu transfer üçün “Napoli”yə 6 milyon avro ödəyib.
Xatırladaq ki, Romelu Lukaku futbola “Lyers”də qədəm qoyub. Romelu karyerası ərzində “Anderlext”, “Çelsi”, “Vest Bromviç”, “Everton”, “Mançester Yunayted”, “İnter” və “Roma”da çıxış edib.
Lukaku “Napoli”yə 2024-cü ilin avqust ayında “Çelsi”dən keçmişdi. Neapol klubu Lukakunun tamhüquqlu əsasda keçidi müqabilində “Çelsi”yə 30 milyon avro məbləğində ödəniş etmiş və belçlikalı futbolçu ilə müddəti 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədə olacaq müqavilə bağlamışdı.
Lukakunun Neapol təmsilçisinin heyətindəki ümumi göstəricisi 45 oyun, 15 qol və 11 assistdən ibarətdir.
Romelu Lukaku 2010-cu ilin mart ayında debüt etdiyi Belçika yığmasının heyətində 132 oyun keçirib, 93 qol vurub, 20 məhsuldar ötürmə verib.
“Transfermarkt” internet-portalı 33 yaşlı belçikalı hücumçunun transfer dəyərini 6 milyon avro məbləğində qiymətləndirir.


