Romelu Lukaku Səudiyyə Ərəbistanı liqasına tərif yağdırdı

“Çelsi”nin “Roma”da icarə əsasında çıxış edən hücumçusu Romelu Lukaku Səudiyyə Ərəbistanı çempionatının perspektivlərindən danışıb.

Arena.az bu barədə jurnalist Fabrizio Romanoya istinadən məlumat verir:

“Düşünürəm ki, yaxın iki ildə Səudiyyə Ərəbistanı Peşəkar Liqası dünyanın ən yaxşı liqalarından biri, bəlkə də ən yaxşısı olacaq.

Bütün Səudiyyə Ərəbistanı klubları məşhur futbolçuları buraya cəlb etmək üçün çox səy göstərirlər. Onlar əhəmiyyətli dərəcədə yaxşılaşırlar. Onların çempionatının dünyanın ən yaxşı yarışması olmaq imkanı var”, deyə Lukaku vurğulayıb.

Xatırladaq daha əvvəl “Çelsi”nin Lukakunu “Roma”ya və ya “Əl-Hilal”a 43 milyon avro məbləğ müqabilində satmağa hazır olduğu bildirilirdi.

Vurğulayaq ki, Lukaku ötən ilin yayında Səudiyyə Ərəbistanı klublarından bir neçə “yağlı təklif” alsa da, o vaxt Avropada oynamağa üstünlük vermiş və “Roma”ya keçmişdi.

“Roma” belçikalı hücumçunun xidmətinə dair, futbolçunun transfer hüquqlarının sahibi “Çelsi” ilə 2023/2024 mövsümünün sonuna qədər icarə müqaviləsi imzalayıb.

Geridə qalmış 2022/2023 mövsümünü Lukaku “İnter”də icarə əsasında keçirib. Belçikalı hücumçu “neradzurrinin heyətində bütün yarışlarda 37 oyuna çıxıb, 14 qol vurub, 7 məhsuldar ötürmə verib.
Cari mövsümdə Lukaku “Roma”nın heyətində bütün yarışlarda 26 oyunda 15 qol vurub, 2 məhsuldar ötürmə verib.

Romelu Lukaku hazırda kapitanı olduğu, 2010-cu ilin mart ayında debüt etdiyi Belçika yığmasının heyətində 113 oyun keçirib, 83 qol vurub, 16 məhsuldar ötürmə verib.

“Transfermarkt” internet-portalı 30 yaşlı belçikalı mərkəz hücumçusunun transfer dəyətini 35 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri sosial şəbəkələrdə paylaş: