“Barselona”nın uruqvaylı müdafiəçisi Ronald Arauxo “blauqrana”nın düşərgəsindəki gələcəyi ilə bağlı sualı cavablayıb.
Arena.az uruqvaylı futbolçunun bu barədə cavabını təqdim edir:
“Mən tamamilə sakitəm. “Barselona” ilə 2026-cı ilə qədər müqaviləm var. Təmsilçilərim klubla görüşəcəklər, amma indi bütün diqqətimi milli komandaya yönəltmişəm”, deyə Arauxo vurğulayıb.
Ronald Arauxo “Barselona”ya 2018-ci ilin avqustunda 4,7 milyon avro müqabilində “Boston River”dən (Uruqvay) keçib. Bir müddət Kataloniya klubunun “B” komandasında çıxış etmiş uruqvaylı müdafiəçi 2020-ci ilin oktyabrında “Barselona”nın əsas heyətinə keçirilib. Arauxonun “Barsa” ilə müqaviləsi 2026-cı ilin iyun ayının sonuna qədər qüvvədədir.
Arauxo klub layihəsinin əsas fiqurlarından biri hesab edilir. Artıq geridə qalmış 2023/2024 mövsümündə Ronald “Barsa”nın heyətində 37 oyuna çıxıb, 1 qol vurub, 2 məhsuldar ötürmə müəllifi olub.
Ronald “Barselona” ilə İspaniya La Liqasının (2022/2023), İspaniya Kral Kubokunun (2020/2021), İspanya Super Kubokunun (2022/2023) qalibi olub.
Ronald Arauxo 2020-ci ilin oktyabrında debüt etdiyi Uruqvay yığmasının heyətində 16 oyuna 1 qol, 1 məhsuldar ötürmə ilə fərqlənib.
“Transfermarkt” internet-portalı 25 yaşlı Ronald Arauxonu 70 milyon avro məbləğində qiymətləndirir.


