Ronald Arauxo bu il yaşıl meydanlara çıxmaya bilər

Futbol üzrə Uruqvay yığma komandasının və İspaniyanın “Barselona” klubunun müdafiəçisi Ronald Arauxo əməliyyat olunacaq.

Arena.az bu barədə İspaniya mətbuatına istinadən məlumat verir.

Sağ bud əzələsinin vətərindən zədə almış müdafiəçi tezliklə cərrahi əməliyyat ediləcək. Arauxo bu il bir daha oynamaya bilər. Futbolçunun sağalması üçün təxminən 4 ay vaxt gərək olacağı gözlənilir.

Xatırladaq ki, 25 yaşlı uruqvaylı futbolçu Amerika Kubokunun 1/4 final mərhələsində Braziliya yığmasına qarşı oyunda zədələnərək turnirin qalan hissəsini buraxmaq məcburiyyətində qalmışdı.

Ronald Arauxo “Barselona”ya 2018-ci ilin avqustunda 4,7 milyon avro müqabilində “Boston River”dən (Uruqvay) keçib. Bir müddət Kataloniya klubunun “B” komandasında çıxış etmiş uruqvaylı müdafiəçi 2020-ci ilin oktyabrında “Barselona”nın əsas heyətinə keçirilib. Arauxonun “Barsa” ilə müqaviləsi 2026-cı ilin iyun ayının sonuna qədər qüvvədədir.

Arauxo klub layihəsinin əsas fiqurlarından biri hesab edilir. Artıq geridə qalmış 2023/2024 mövsümündə Ronald “Barsa”nın heyətində 37 oyuna çıxıb, 1 qol vurub, 2 məhsuldar ötürmə müəllifi olub.

Ronald “Barselona” ilə İspaniya La Liqasının (2022/2023), İspaniya Kral Kubokunun (2020/2021), İspanya Super Kubokunun (2022/2023) qalibi olub.

Ötən mövsümdən etibarən Ronald Arauxonun yayda Avropanın digər aparıcı klublarından birinə satılacağı barədə xəbərlər dolaşırdı. Amma futbolçunun aldığı zədə səbəbindən bu xəbərlərin də səngiyəcəyi şübhə doğurmur.

Ronald Arauxo 2020-ci ilin oktyabrında debüt etdiyi Uruqvay yığmasının heyətində 20 oyuna 1 qol, 3 məhsuldar ötürmə ilə fərqlənib.

“Transfermarkt” internet-portalı 25 yaşlı Ronald Arauxonu 70 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: