“Barselona”nın uruqvaylı mərkəz müdafiəçisi Ronald Arauxo sağ diz vətərindən zədə səbəbindən keçirdiyi cərrahi əməliyyatdan uğurla çıxıb.
Arena.az bu barədə Kataloniya klubunun rəsmi saytına istinadən məlumat verir.
Cərrahi müdaxilə iyulun 22-də aparılıb, ardınca isə futbolçu palataya köçürülüb. Qarşıda Arauxonu bir müddət fiziki terapiya ilə müşayiət ediləcək bərpa mərhələsi gözləyir.
Xatırladaq ki, Arauxo Uruqvay yığmasının heyətində Amerika Kubokunda çıxış edərkən, Braziliya millisi ilə yarışın 1/4 final oyununda (0:0, penaltilərlə 4:2) zədələnmişdi. Daha sonra müdafiəçi Kolumbiya yığması ilə yarışın yarımfinal oyununu (0:1), həmçinin Kanada yığması ilə 3-cü yer uğrunda oyunu (2:2, penaltilərlə 4:3) buraxmalı olmuşdu.
Ronald Arauxo “Barselona”ya 2018-ci ilin avqustunda 4,7 milyon avro məbləğ müqabilində “Boston River”dən (Uruqvay) keçib. Bir müddət Kataloniya klubunun “B” komandasında çıxış etmiş uruqvaylı müdafiəçi 2020-ci ilin oktyabrında “Barselona”nın əsas heyətinə keçirilib. Arauxonun “Barsa” ilə müqaviləsi 2026-cı ilin iyun ayının sonuna qədər qüvvədədir.
Arauxo klub layihəsinin əsas fiqurlarından biri hesab edilir. Artıq geridə qalmış 2023/2024-cü illər mövsümündə Ronald “Barsa”nın heyətində 37 oyuna çıxıb, 1 qol vurub, 2 məhsuldar ötürmə müəllifi olub.
Ronald “Barselona” ilə İspaniya La Liqasının (2022/2023), İspaniya Kral Kubokunun (2020/2021), İspanya Super Kubokunun (2022/2023) qalibi olub.
Ötən mövsümdən etibarən Ronald Arauxonun yayda Avropanın digər aparıcı klublarından birinə satılacağı barədə xəbərlər dolaşırdı. Amma futbolçunun aldığı zədə səbəbindən bu xəbərlərin də səngiyəcəyi şübhə doğurmur.
Ronald Arauxo 2020-ci ilin oktyabrında debüt etdiyi Uruqvay yığmasının heyətində 20 oyuna 1 qol, 3 məhsuldar ötürmə ilə fərqlənib.
“Transfermarkt” internet-portalı 25 yaşlı uruqvaylı müdafiəçinin transfer dəyərini 70 milyon avro məbləğində qiymətləndirir.


