Ronald Arauxo iki ay futbolsuz qala bilər

Uruqvay yığmasının və “Barselona”nın mərkəz müdafiəçisi Ronald Arauxo təxminən 2 ay yaşıl meydanlara həsrət qala bilər.

Arena.az xəbər verir ki, o, Uruqvay millisinin Amerika Kubokunun 1/4 final mərhələsində Braziliya yığması ilə matçın (əsas və əlavə vaxt 0:0, penaltilərlə 4:2) birinci hissəsində aldığı zədə səbəbindən bir müddət futbol oynaya bilməyəcək.

Zədə səbəbindən Arauxo həmin oyunda əvəzlənmişdi. Müdafiəçinin “Barselona”nın düşərgəsinə qayıtdıqdan sonra gərəkli tibbi müayinədən keçəcəyi vurğulanır. Onun durumuna tam olaraq ətraflı müayinələrdən sonra aydınlıq gələcəyi gözlənilir.

Ronald Arauxo “Barselona”ya 2018-ci ilin avqustunda 4,7 milyon avro müqabilində “Boston River”dən (Uruqvay) keçib. Bir müddət Kataloniya klubunun “B” komandasında çıxış etmiş uruqvaylı müdafiəçi 2020-ci ilin oktyabrında “Barselona”nın əsas heyətinə keçirilib. Arauxonun “Barsa” ilə müqaviləsi 2026-cı ilin iyun ayının sonuna qədər qüvvədədir.

Arauxo klub layihəsinin əsas fiqurlarından biri hesab edilir. Artıq geridə qalmış 2023/2024 mövsümündə Ronald “Barsa”nın heyətində 37 oyuna çıxıb, 1 qol vurub, 2 məhsuldar ötürmə müəllifi olub.

Ronald “Barselona” ilə İspaniya La Liqasının (2022/2023), İspaniya Kral Kubokunun (2020/2021), İspanya Super Kubokunun (2022/2023) qalibi olub.

Ötən mövsümdən etibarən Ronald Arauxonun yayda Avropanın digər aparıcı klublarından birinə satılacağı barədə xəbərlər dolaşırdı. Amma futbolçunun aldığı zədə səbəbindən bu xəbərlərin də səngiyəcəyi şübhə doğurmur.

Ronald Arauxo 2020-ci ilin oktyabrında debüt etdiyi Uruqvay yığmasının heyətində 20 oyuna 1 qol, 3 məhsuldar ötürmə ilə fərqlənib.

“Transfermarkt” internet-portalı 25 yaşlı Ronald Arauxonu 70 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: