“Barselona”nın və Uruqvay millisinin mərkəz müdafiəçisi Ronald Arauxo bundan sonra “Liverpul”un uğurları üçün çalışacaq.
Arena.az bu barədə İngiltərə nəhənginin rəsmi saytına istinadən məlumat verir.
27 yaşlı futbolçu “Liverpul”a icarə müqaviləsi əsasında keçib. İcarə müddəti 2026/2027-ci illər mövsümünün sonuna qədər – 1 ildir. Müqavilədə futbolçunun transfer hüquqlarının alınmasına dair şərt nəzərdə tutulmayıb.
Ronald Arauxo “Barselona”ya 2018-ci ilin avqustunda 4,7 milyon avro məbləğ müqabilində “Boston River”dən (Uruqvay) keçib. Bir müddət Kataloniya klubunun “B” komandasında çıxış etmiş uruqvaylı müdafiəçi 2020-ci ilin oktyabrında “Barselona”nın əsas heyətinə keçirilib. Arauxo klub layihəsinin əsas fiqurlarından biri hesab edilirdi.
Uruqvaylı futbolçunun İspaniya nəhəngi ilə 2031-ci ilin 30 iyununadək müqaviləsi mövcuddur. O, “Barselona”nın heyətində 213 oyuna çıxıb, 14 qol vurub, 7 məhsuldar ötürmə verib.
Ronald “Barselona” ilə 3 dəfə İspaniya La Liqasının, 2 dəfə İspaniya Kral Kubokunun, 3 dəfə İspanya Super Kubokunun qalibi olub.
Ronald Arauxo 2020-ci ilin oktyabrında debüt etdiyi Uruqvay yığmasının heyətində 27 oyuna 1 qol, 3 məhsuldar ötürmə ilə fərqlənib.
“Transfermarkt” internet-portalı 27 yaşlı uruqvaylı mərkəz müdafiəçisinin transfer dəyərini 20 milyon avro məbləğində qiymətləndirir.



