Niderland yığmasının baş məşqçisi Ronald Kuman DÇ-2026-nın 1/16 final mərhələsində Mərakeş millisinə qarşı keçirdikləri oyunu şərh edib.
Arena.az xəbər verir ki, Niderland yığması bu rəqibinə penaltilər seriyasında uduzaraq (əsas və əlavə vaxt – 1:1, penaltilər – 2:3) mübarizəni dayandırıb.
Ronald Kuman matçdan sonra baş tutmuş mətbuat konfransında penaltilər seriyasında Sofyan Rəhiminin qeyri-adi şəkildə qola çevirdiyi zərbənin oyunun taleyinə ciddi təsir göstərdiyini bildirib.
“Əlimizdən gələni etdik və penaltilər seriyasına da yaxşı başladıq. Amma onların ikinci penaltisi, yəqin ki, hər iki komandaya psixoloji cəhətdən təsir etdi. Belə məqamlarda hər şey əleyhinizə işləyəndə artıq edə biləcəyiniz heç nə qalmır. Bizə bir az şans lazım idi, bu gün isə şans Mərakeşin tərəfində idi”.
Qeyd edək ki, Kumanın vurğuladığı epizodda Niderlandın qapıçısı Bart Verbryuggen Rəhiminin zərbəsini dəf etsə də, top sonradan dabanına dəyərək qapıya daxil olub.
Kumanın komandası bununla ardıcıl üçüncü dünya çempionatında penaltilər seriyasında məğlub olaraq mübarizəni dayandırıb. Niderland millisi daha əvvəl DÇ-2014 və DÇ-2022-də də penaltilərdə Argentinaya uduzmuşdu.
Mərakeş millisinin baş məşqçisi Məhəmməd Uahbi isə komandasının qələbəsinin tamamilə haqq edilmiş nəticə olduğunu vurğulayıb:
“Bu, tamamilə layiq olduğumuz qələbədir. Düşünürəm ki, rəqibdən aşkar üstün oynadıq. Onlar topa cəmi 30 faiz sahib oldular, bizdə isə bu göstərici təxminən 70 faiz idi. Daha çox qol vəziyyəti yaratdıq və daha çox zərbə vurduq”.
Qeyd edək ki, əsas və əlavə vaxtı 1:1 hesabı ilə başa çatan qarşılaşmada penaltilər seriyasında 3:2 hesabı ilə qalib gələn Mərakeş millisi 1/8 finalda Kanada ilə üz-üzə gələcək.


