Portuqaliya yığmasının ulduz hücumçusu və kapitanı Kristiano Ronaldo Avropa çempionatlarında yeni rekord müəyyənləşdirib.
Arena.az məlumat verir ki, AÇ-2024-ün 1/4 finalında Ronaldo oyunsonrası penaltilər zamanı zərəbəsini dəqiq yerinə yetirib.
Bununla da Ronalda Avropa çempionatları tarixində oyunsonrası penaltilər silsiləsində 4 dəfə – ən çox fərqlənmiş futbolçu olub.
Buna rəğmən, Portuqaliya yığması əsas və əlavə vaxtı 0:0 hesablı heç-heçə ilə başa çatmış oyunun penaltilər silsiləsində “xoruzlar”a 3:5 hesabı ilə məğlub olaraq, yarışı tərk edib.
Həmçinin portuqal ulduz karyerası ərzində mötəbər yarışların (Dünya və Avropa çempionatları) final mərhələrində ilk dəfə olaraq, yarışı qol vurmadan tərk edib ki, bu da Ronaldo üçün özünəməxsus antirekorddur.
Vurğulayaq ki, AÇ-2024-də Ronaldo cəmi 1 məhsuldar ötürmə ilə fərqlənə bilib.
Kristiano Ronaldo 2023-cü ilin yanvarından Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunda çıxış edir. Portuqal ulduz ərəb klubuna 2023-cü ilin yanvarında “Mançester Yunayted”dən azad agent qismində keçib.
Ronaldonun “Əl-Nəsr”lə müqaviləsi 2025-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.
Geridə qalmış mövsümdə Ronaldo “Əl-Nəsr”in heyətində bütün yarışlarda 45 oyuna çıxıb, 44 qol vurub, 13 məhsuldar verib.
Kristiano hazırda kapitanı olduğu, 2003-cü ilin avqust ayının 20-də debüt etdiyi Portuqaliya yığmasının heyətində 212 oyun keçirib, 130 qol vurub və 45 məhsuldar ötürmə verib. Ronaldonun yığma komandanın heyətindəki oyun və qol sayı mütləq dünya rekordudur.
“Transfermarkt” internet-portalı 39 yaşlı veteran hücumçunun transfer dəyərini 15 milyon avro məbləğində qiymətləndirir.


