Ronaldo: “O, yeni nəslin ən yaxşı oyunçularından biri olacaq”

“Əl-Nəsr”in portuqaliyalı hücumçusu Kristiano Ronaldo “Real”ın ingilis yarımmüdafiəçisi Cud Bellingem haqda söhbət açıb.

Arena.az portuqal ulduzun bu barədə fikrini təqdim edir:

“Nəhəng imkana malik, böyük istedad. O, mühiti təmiz olan bir kluba keçib. Cud da digərləri kimi tərəqqi edir – Kamavinqa, Rodriqo, Vinisius. Düşünürəm ki, o, yüksək səviyyəli oyunçu olmağına kömək edəcək komandadadır. İnanıram ki, o, yeni nəslin ən yaxşı oyunçularından biri olacaq”, deyə Ronaldo vurğulayıb.

Xatırladaq ki, Cud Bellingem “Real”a 2023-cü ilin iyun ayının əvvəlində Dormund “Borussiya”sından keçib. “Kral klubu” ingilis yarımmüdafiəçinin transferi müqabilində 103 milyon avro məbləğində xərc çəkib. Cud İspaniya nəhəngi ilə müddəti 2029-cu ilin iyun ayının sonuna qədər qədər nəzərdə tutulmuş müqaviləyə imza atıb.

Gənc ingilis futbolçunun Madrid klubundakı çıxışı elə, ilk mövsümdəcə uğurlu alınıb. 2023/2024-cü illər mövsümündə Bellingem “Real”ın heyətində bütün yarışlarda 42 oyuna çıxıb, 23 qol və 13 məhsuldar ötürmə ilə fərqlənib.

Cari mövsümdə isə Bellingem “Real” üçün 3 oyun keçirib, 1 məhsuldar ötürmə verib.

Bellingem elə, ilk mövsümündəcə “Real”la İspaniya Super Kubokunun (2024), İspaniya La Liqasının (2023/2024), UEFA Çempionlar Liqasının (2023/2024) və UEFA Super Kubokunun (2024) qalibi olub.

Cud Bellingem 2020-ci ilin noyabr ayında debüt etdiyi İngiltərə yığmasının heyətində 36 oyun keçirib, 5 qol vurub və 6 məhsuldar ötürmə verib.

“Transfermarkt” internet-portalı 21 yaşlı ingilis yarımmüdafiəçinin transfer dəyərini 180 milyon avro məbləğində qiymətləndirir. Bu, Bellingemin dünyanın 3 ən bahalı futbolçusundan biri olması deməkdir.

Xəbəri sosial şəbəkələrdə paylaş: