“Əl-Nəsr”in portuqal ulduz hücumçusu və kapitanı Kristiano Ronaldonun ərəb klubunda nədən narazı qaldığı məlum olub.
Arena.az bu barədə “Essentially Sports” dərgisinə istinadən məlumat verir.
Mənbə vurğulayır ki, “Əl-Nəsr” maliyyə çətinlikləri keçirir. “Nəcd cəngavərləri”nin rəhbərliyi Səudiyyə Ərəbistanı İnvestisiya Fondundan komandanın gücləndirilməsi üçün pul istəyib, amma rədd cavabı alıb.
Kristiano Ronaldonun isə klubdakı maliyyə böhranından xəbərdar olduğu və bundan narazı qaldığı vurğulanır. Eyni zamanda, 39 yaşlı ulduz futbolçu “Əl-Nəsr” rəhbərliyinin xahişi ilə hazırkı çətin vəziyyəti açıq şəkildə şərh etmir.
Kristiano Ronaldo 2023-cü ilin yanvarından “Əl-Nəsr”də çıxış edir. Portuqal ulduz ərəb klubuna 2023-cü ilin yanvarında “Mançester Yunayted”dən azad agent qismində keçib.
Ronaldonun “Əl-Nəsr”lə müqaviləsi 2025-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.
Geridə qalmış mövsümdə Ronaldo “Əl-Nəsr”in heyətində bütün yarışlarda 45 oyuna çıxıb, 44 qol vurub, 13 məhsuldar verib.
Cari mövsümə isə Ronaldo “Nəcd cəngavərləri”nin heyətində bütün yarışlarda 3 oyuna 3 qol və 1 məhsuldar ötürmə ilə fərqlənib. Kristianonun “Əl-Nəsr” karyerası ümumilikdə 67 oyun, 61 qol və 16 məhsuldar ötürmədən ibarətdir.
Xatırladaq ki, Ronaldo “Əl-Nəsr”dən öncə “Real”, “Mançester Yunayted”, “Yuventus”, “Sportinq” (Lissabon) komandalarında çıxış edib. Portuqal ulduz bu komandaların hər biri ilə çoxsaylı qənimətlər qazanıb, müxtəlif rekordlara imza atıb. Maraqlıdır ki, Ronaldo “Əl-Nəsr”lə hələ heç bir qənimət qazanmayıb. Qolçuluq mükafatları ilə yanaşı, Ronaldonun “Əl-Nəsr”dəki yeganə uğuru ötən mövsümün ən yaxşı oyunçusu seçilməsidir.
Kristiano hazırda kapitanı olduğu, 2003-cü ilin avqust ayının 20-də debüt etdiyi Portuqaliya yığmasının heyətində 212 oyun keçirib, 130 qol vurub və 45 məhsuldar ötürmə verib. Ronaldonun yığma komandanın heyətindəki oyun və qol sayı mütləq dünya rekordudur.
“Transfermarkt” internet-portalı 39 yaşlı veteran hücumçunun transfer dəyərini 15 milyon avro məbləğində qiymətləndirir.


