Ronaldonun komandası ÇL-də yarımfinala buraxılmadı

Martın 11-də heyətində portuqal hücumçu Kristiano Ronaldonun yer aldığı “Əl-Nəsr” Asiya Çempionlar Liqasında “Əl-Əyn”lə qarşılaşıb.

Arena.az məlumat verir ki, yarışın 1/4 final mərhələsində Ər-Riyadda yerli Səudiyyə Ərəbistanı təmsilçisi ilə Birləşmiş Ərəb Əmirlikləri komandasının oyunu dramatik mübarizə şəraitində keçib.

Xatırladaq ki, komandalar arasındakı ilk oyun “Əl-Əyn”in 1:0 hesablı qələbəsi ilə başa çatmışdı.

Bu üstünlüklərinə güvənərək, qonaqlar cavab oyununa inamla başlayıblar. Rahimi 28-ci və 45-ci dəqiqələrdə fərqlənməklə həm dublunu rəsmiləşdirib, həm də “Əl-Əyn”i xeyli arxayınlaşdırıb. 45+5-ci dəqiqədə isə Qərib vurduğu qolla “Əl-Nəsr”i ümidləndirib. Fasilədən sonra, 51-ci dəqiqədə Eisa bərabərliyi təmin edib, Telles isə 72-ci dəqiqədə “Əl-Nəsr”i hesabda önə keçirib – 3:2. Oyunun əsas vaxtı bu hesabla başa çatıb.

Əlavə vaxtda irəli atılmış qonaqlar hesabda tarazlıq yaradıblar, 103-cü dəqiqədə Əl-Şəmsi fərqlənib – 3:3. İtirəcəyi qalmayan “Əl-Nəsr” bütün gücünü səfərbər edərək irəli atılıb. Oyunun 118-ci dəqiqəsində Kristiano Ronaldo səhnəyə çıxıb və özünə qarşı kobud oyuna görə təyin edilmiş penaltini dəqiq yerinə yetirərək topu qapıdan keçirib – 4:3. İki oyunun cəminə görə 4:4 hesablə heç-heçə qeydə alındığından, oyun penaltilər silsiləsinə sürüklənib.

Burada isə qonaqlar dəqiq olublar – 3:1. “Əl-Nəsr”in heyətində Brozoviç, Telles və Otavionun qeyri-dəqiq olduğu mənzərədə, penalti zərbəsini yalnız Ronaldo dəqiq yerinə yetirib. Beləcə, başda portuqal ulduzu Kristiano Ronaldo olmaqla, “Nəcd cəngavərləri” qitənin ən mötəbər yarışında mübarizələrinə xitam veriblər.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: