Türkiyənin “Alanyaspor” klubu heyətinə daha iki legioner – hər ikisi sağ vinger olan Roni Lopes və Xuan Kristian Pereyranı cəlb edib.
Arena.az bu barədə klubun rəsmi saytına istinadən məlumat verir.
Roni Loeps Portuqaliyanın “Braqa” klubundan azad agent kimi “Alanyaspor”a keçib. Əslən Braziliyadan olan portuqaliyalı futbolçu yeni klubu ilə 2 illik müqavilə bağlayıb.
Roni “Benfika”nın yetrməsidir. O, karyerası ərzində “Monako”, “Lill”, “Nitsa”, “Trua”, “Olimpiakos”, “Sevilya”, “Mançester Siti” kimi klublarda da forma geyinib. Portuqaliyanın aşağı yaş qrupları üzrə müxtəlif yığmalarında oynamış Lopes, 2017-ci ildə debüt etdiyi əsas millidə 2 oyun keçirib.
Xuan Kristian isə “Alanyaspor”a Braziliyanın “Vila Nova” klubundan keçib. 23 yaşlı vingerlə 4 illik müqavilə imzalanıb. “Azuriz”in yetirməsi olan, “Əl-Hamriya”, “Kruzeyro” kimi klublarda da forma geyinmiş Xuan, 2023-cü ilin avqustundan “Vila Nova”da çıxış edirdi.
“Alanyaspor” 2 gənc futbolçunu – qapıçı Mert Bayram və sol vinger Bera Çekeni də heyətinə qatıb. 19 yaşlı futbolçularla 5 illik müqavilə imzalanıb. Bera Çeken Alanya klubuna Almaniya təmsilçisi “Sandhauzen”dən, Mert Bayram isə “Altınordu”dan keçib. Hər iki oyunçu hazırda Türkiyənin U-19 millisində çıxış edir. Beradan fərqli, Mert daha öncə U-15, U-17 və U-18-də də forma geyinib.
“Alanyaspor” sol cinah müdafiəçisi Yure Balkoveçlə də yeni müqavilə imzalandığını açıqlayıb. Sloveniya millisinin də üzvü olan 29 yaşlı futbolçu yeni sözləşməyə əsasən 2026-cı ilin 30 iyununa qədər bu klubda qalacaq.
Yure Balkoveç “Alanyaspor”a 2022-ci ilin yayında “Fatih Karagümrük” klubundan keçib. O, Alanya təmsilçisinin heyətində 64 oyuna çıxıb, 9 qol və 2 assistlə yadda qalıb. Daha öncə “Domjale”, “Empoli”, “Radomlye”, “Verona”, “Bari”, “Bela Krayina”, “Krka” kimi klublarda da oynamış müdafiəçi, 2018-ci ilin oktyabrından Sloveniya millisində çıxış edir. O, yığma komandada 35 oyuna 1 məhsuldar ötürmə ilə yadda qalıb.


