Rüfət Dadaşov Berlin derbisində də qol vurdu – Video

Futbol üzrə Azərbaycan millisinin sabiq hücumçusu Rüfət Dadaşov Almaniyanın “Dinamo” (Berlin) komandasında növbəti matçına çıxıb.

Arena.az xəbər verir ki, futbolçumuzun komandası Almaniyanın Şimal-Şərq Regional Liqasının 12-ci turu çərçivəsində Berlinin digər təmsilçisi “Viktoriya” ilə qarşılaşıb.

“Dinamo” bu rəqiblə doğma meydanda üz-üzə gəlib. Futbolçumuzun komandası meydanı məhsuldar heç-heçə ilə tərk edib – 3:3.

Rüfət bu oyuna start heyətdə başlayıb və sonadək mübarizə aparıb. Komandasının ilk qolunu məhz Dadaşov vurub. 32 yaşlı hücumçu 32-ci dəqiqədə fərqlənməklə bu mövsüm vurduğu qolların sayını 12-yə çatdırıb.

12 turdan sonra 25 xala malik Berlin “Dinamo”su 18 iştirakçı arasında 1-ci pillədə qərarlaşıb. Amma turun qalan oyunlarından sonra paytaxt klubu mövqeyini itirə bilər.

Xatırladaq ki, Rüfət Dadaşov “Dinamo”ya bu yay “Şalke”dən azad agent kimi ayrılaraq keçib. Azərbaycanlı hücumçu 2017/2018 mövsümündə məhz “Dinamo”nun uğurları üçün çalışıb. O, həmin vaxt Berlin təmsilçisində 29 oyuna 29 qol vurub, 2 məhsuldar ötürmə müəllifi olub. Bu mövsüm isə hücumçu 12 oyuna 12 qol vurub, 2 məhsuldar ötürmə edib.

Rüfət Azərbaycan milli komandasında da 24 oyuna çıxıb, 5 qola imza atıb.

Xəbəri sosial şəbəkələrdə paylaş: