Futbol üzrə Azərbaycan millisinin sabiq hücumçusu Rüfət Dadaşov Almaniyanın “Dinamo” (Berlin) komandasında növbəti matçına çıxıb.
Arena.az xəbər verir ki, futbolçumuzun komandası bu gün Almaniyanın Şimal-Şərq Regional Liqasının 4-cü turu çərçivəsində “Eylenburq”la qarşılaşıb.
“Dinamo” bu rəqiblə səfərdə qarşılaşıb. Dörd qolun qeydə alındığı matç futbolçumuzun komandasının qələbəsiylə başa çatıb – 3:1.
Rüfət bu oyuna start heyətdə başlayıb və sonadək oynayıb. Komandasının ilk iki qolunu da Dadaşov vurub. O, 45 və 74-cü dəqiqələrdə fərqlənib. Bununla da o, cari mövsümdə vurduğu qolların sayını 4-ə çatdırıb. Azərbaycanlı forvard 90-cı dəqiqədə sarı vərəqə ilə də cəzalanıb.
4 turdan sonra 7 xala malik Berlin “Dinamo”su 18 iştirakçı arasında 4-cü pillədə qərarlaşıb.
Xatırladaq ki, Rüfət Dadaşov “Dinamo”ya bu yay “Şalke”dən azad agent kimi ayrılaraq keçib. Azərbaycanlı hücumçu 2017/2018 mövsümündə məhz “Dinamo”nun uğurları üçün çalışıb. O, həmin vaxt Berlin təmsilçisində 29 oyuna 29 qol vurub, 2 məhsuldar ötürmə müəllifi olub. Rüfət Azərbaycan milli komandasında da 24 oyuna çıxıb, 5 qola imza atıb.


