Rüfət Dadaşov qol vurmasa da, darmadağına sevindi

Futbol üzrə Azərbaycan millisinin sabiq hücumçusu Rüfət Dadaşov Almaniyanın “Dinamo” (Berlin) komandasında növbəti matçına çıxıb.

Arena.az xəbər verir ki, futbolçumuzun komandası bu gün Almaniyanın Şimal-Şərq Regional Liqasının 7-ci turu çərçivəsində “Babelsberq”lə qarşılaşıb.

“Dinamo” bu rəqiblə doğma meydanda üz-üzə gəlib. Futbolçumuzun komandası meydanı qələbə ilə tərk edib – 3:0.

Rüfət bu oyuna start heyətdə başlayıb və sonadək mübarizə aparıb. Cari mövsümdə 6 qol vurmuş azərbaycanlı hücumçu bu dəfə fərqlənə bilməyib.

7 turdan sonra 14 xala malik Berlin “Dinamo”su 18 iştirakçı arasında 3-cü pillədə qərarlaşıb.

Xatırladaq ki, Rüfət Dadaşov “Dinamo”ya bu yay “Şalke”dən azad agent kimi ayrılaraq keçib. Azərbaycanlı hücumçu 2017/2018 mövsümündə məhz “Dinamo”nun uğurları üçün çalışıb. O, həmin vaxt Berlin təmsilçisində 29 oyuna 29 qol vurub, 2 məhsuldar ötürmə müəllifi olub. Rüfət Azərbaycan milli komandasında da 24 oyuna çıxıb, 5 qola imza atıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: