Rüfət Dadaşov yenə dubla imza atdı, əzmkar qələbəyə sevindi

Futbol üzrə Azərbaycan millisinin sabiq hücumçusu Rüfət Dadaşov Almaniyanın “Dinamo” (Berlin) komandasında növbəti matçına çıxıb.

Arena.az xəbər verir ki, futbolçumuzun komandası bu gün Almaniyanın Şimal-Şərq Regional Liqasının 5-ci turu çərçivəsində “Jena” ilə qarşılaşıb.

“Dinamo” bu rəqiblə doğma meydanda qarşılaşıb. Üç qolun qeydə alındığı matç futbolçumuzun komandasının qələbəsiylə başa çatıb – 2:1.

Rüfət bu oyuna start heyətdə başlayıb və 77-ci dəqiqədə əvəzlənib. Komandasının hər iki qolunu Dadaşov vurub. O, 34-cü dəqiqədə hesabı bərabərləşdiribsə, 37-də də qələbə qolunun müəllifi olub. Bununla da Rüfət cari mövsümdə vurduğu qolların sayını 6-ya çatdırıb.

5 turdan sonra 10 xala malik Berlin “Dinamo”su 18 iştirakçı arasında 3-cü pillədə qərarlaşıb.

Xatırladaq ki, Rüfət Dadaşov “Dinamo”ya bu yay “Şalke”dən azad agent kimi ayrılaraq keçib. Azərbaycanlı hücumçu 2017/2018 mövsümündə məhz “Dinamo”nun uğurları üçün çalışıb. O, həmin vaxt Berlin təmsilçisində 29 oyuna 29 qol vurub, 2 məhsuldar ötürmə müəllifi olub. Rüfət Azərbaycan milli komandasında da 24 oyuna çıxıb, 5 qola imza atıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: