Futbol üzrə Azərbaycan yığmasının hücumçusu Rüfət Dadaşov Almaniyanın “Şalke” klubunun ikinci komandasında növbəti matçına çıxıb. Arena.az xəbər verir ki, o, Almaniyanın Qərb Regional Liqasının 26-cı turundan təxirə salınmış Düsseldorf “Fortuna”sının ikinci komandası ilə matçın iştirakçısı olub.
“Şalke” bu rəqiblə doğma meydanda qarşılaşıb. Futbolçumuzun komandası meydanı məğlubiyyətlə tərk edib – 0:2.
Rüfət Dadaşov bu görüşə start heyətdə başlayıb. Lakin o, matçın əvvəlindəcə zədələnib. Bu üzdən də azərbaycanlı hücumçu 11-ci dəqiqədə əvəzlənmək məcburiyyətində qalıb.
Cari mövsümdə 10 qol vurmuş 31 yaşlı forvardın zədəsinin nə dərəcədə ciddi olduğu açıqlanmır.
“Şalke”nin ikinci komandası bu nəticədən sonra 39 xalla 18 kollektiv arasında 9-cu pillədə qərarlaşıb.


