Rüfət Dadaşovun komandasına qar əngəli – Oyun təxirə salındı

Azərbaycan millisinin sabiq hücumçusu Rüfət Dadaşovun formasını geyindiyi Berlin “Dinamo”sunun bugünkü oyunu təxirə salınıb.

Arena.az xəbər verir ki, futbolçumuzun komandası Almaniyanın Şimal-Şərq Regional Liqasının 16-cı turu çərçivəsində bu gün “Xemie Leypsiq” klubu ilə qarşılaşmalı idi. Oyuna Bakı vaxtı ilə saat 19:00-da start verilməli idi.

Lakin Almaniyaya yağan güclü qar səbəbindən bəzi oyunlar kimi, Rüfət Dadaşovun komandasının görüşü də təxirə salınıb. Qarşılaşmanın nə vaxt baş tutacağı hələ bilinmir.

Xatırladaq ki, 15 turdan sonra 29 xala malik Berlin “Dinamo”su 18 iştirakçı arasında 2-ci pillədə qərarlaşıb.

Xatırladaq ki, Rüfət Dadaşov “Dinamo”ya bu ilin yayında “Şalke”dən azad agent kimi ayrılaraq keçib. Azərbaycanlı hücumçu 2017/2018 mövsümündə məhz “Dinamo”nun uğurları üçün çalışıb. O, həmin vaxt Berlin təmsilçisində 29 oyuna 29 qol vurub, 2 məhsuldar ötürmə müəllifi olub. Bu mövsüm isə hücumçu 15 oyuna 13 qol vurub, 2 məhsuldar ötürmə edib.

Dadaşov Azərbaycan milli komandasında da 24 oyuna çıxıb, 5 qola imza atıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: