Futbol üzrə Azərbaycan milli komandasının və “Neftçi”nin sabiq mərkəz müdafiəçisi Ruslan Abışov vida matçına çıxacaq.
Arena.az xəbər verir ki, bu barədə “Neftçi”nin mətbuat xidməti məlumat yayıb.
Belə ki, 36 yaşlı keçmiş müdafiəçi paytaxt təmsilçisinin Bakıda “Zenit”ə qarşı keçirəcəyi yoldaşlıq oyununda meydanda olacaq.
Noyabrın 18-də baş tutacaq “Neftçi” – “Zenit” matçına saat 21:00-da start veriləcək.
Xatırladaq ki, Ruslan Abışov ötən ay – oktyabrın 25-də futbolçu karyerasını bitirdiyini elan edib. O, 2021-ci ilin iyul ayından formasını geyindiyi “Zirə”dən bu ilin iyun ayında azad agent kimi ayrılmışdı və karyerasını bitirəcəyi gözlənilən idi. Sadəcə, müdafiəçi yekun qərarını bir qədər gec açıqlamışdı.
Abışov karyerası ərzində “Neftçi” (107 oyun, 12 qol, 1 assist), “Qəbələ” (48 oyun, 4 qol), “Xəzər Lənkəran” (21 oyun, 2 qol, 1 assist), “Sabah” (13 oyun), “İnter” (indiki “Şamaxı”, 12 oyun, 5 qol, 1 assist) kimi klublarda da forma geyinib. O, Rusiyada legioner həyatı da yaşayıb. Millimizin sabiq üzvü Kazan təmsilçisi “Rubin”də 6 oyun keçirib.
Abışov Azərbaycan milli komandasında da 59 oyun keçirib, 4 qola imza atıb.


