Premyer Liqanın 2024/2025-ci illər mövsümünün gümüş mükafatçısı “Zirə” hücumçusu Rüstəm Əhmədzadə ilə yollarını ayırıb.
Arena.az xəbər verir ki, bu barədə Bakı təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Xəbərdə bildirilir ki, “Qarabağ”dan icarəyə götürülmüş oyunçu ilə müqavilənin müddəti uzadılmayıb. Klub Rüstəmə xidmətlərinə görə təşəkkür edib, gələcək karyerasında uğurlar arzulayıb.
Müqavilə ilə “Qarabağ”a məxsus olan Rüstəm Əhmədzadə 2022-ci ilin iyul ayından “Zirə”də çıxış edirdi. 24 yaşlı forvard qəsəbə təmsilçisinin heyətində meydana çıxdığı 96 oyunda 8 qol vurub, 8 məhsuldar ötürmə müəllifi olub.
Ukraynanın “Minay” klubunun yetirməsi olan Rüstəm “Qarabağ”a 2022-ci ilin yanvarında 200 min avro müqabilində keçib. Hücumçunun Ağdam klubu ilə sözləşməsinin müddəti 2026-cı ilin 30 iyununa qədərdir.
Əhmədzadə 2021-ci ilin iyun ayında debüt etdiyi Azərbaycan millisinin heyətində 10 oyuna çıxıb, 1 məhsuldar ötürmə müəllifi olub.
Xatırladaq ki, “Zirə” daha öncə “Şamaxı”dan ayrılmış Brahim Konateni transfer etmişdi.


