Ruzanna Məmmədova Avropa üçüncüsü oldu

Azərbaycanın qadın güləşçisi Ruzanna Məmmədova Bakıda keçirilən U-23 Avropa çempionatında bürünc medal qazanıb.

Arena.az xəbər verir ki, Bakı İdman Sarayında 23 yaşadək güləşçilər arasında təşkil olunmuş Avropa çempionatı davam edir.

Yarışın 4-cü günündə qadın güləşi üzrə 50, 55, 59, 68 və 76 kq-da qaliblər müəyyənləşib.

Şəhanə Nəzərova (50 kq) 1/4 finalda belaruslu Natalya Varakinaya (0:10), təsəlliverici görüşdə isə slovakiyalı Kristina Basixə (0:10) uduzub.

Gültəkin Şirinova (55 kq) təsnifat mərhələsində moldovalı Mihaela Samoilə 5:8 hesabıyla məğlub olub.

Ruzanna Məmmədova (59 kq) 1/4 finalda belaruslu Alesiya Hetmanavaya minimal fərqlə məğlub olub – 3:4. Ancaq 17 yaşlı güləşçimiz təsəlliverici görüşdə çexiyalı Anna Mixalkovaya, bürünc medal uğrunda qarşılaşmada isə rumıniyalı Ana Mariya Puiuya “tuş”la qalib gələrək debüt etdiyi U-23 Avropa çempionatında fəxri kürsünün 3-cü pilləsinə yüksəlib.

Bu gün həm də 53, 57, 62, 65 və 72 kq-da mübarizəyə start verilib.

Elnurə Məmmədova (53 kq) 1/4 finalda belaruslu Viktoriya Volk (6:1), yarımfinalda isə litvalı Laura Stanelite (7:0) üzərində böyükhesablı qələbə qazanıb. Həmyerlimiz finalda ukraynalı Liliya Malançukla güləşəcək.

Jalə Əliyeva (57 kq) 1/4 finalda bolqarıstanlı Nesrin Süleymanovanı “tuş”la xalçadan məyus yola salıb. Əliyeva gərgin mübarizə şəraitində keçən yarımfinal görüşündə ukraynalı Solomiya Vinnikdən güclü olub – 3:1. Jalə finalda türkiyəli Elvira Kamaloğluyla qarşılaşacaq.

Nigar Mirzəzadə (65 kq) təsnifat mərhələsində serbiyalı Maşa Peroviçə uduzub – 1:6.

Mərziyə Sadıqova (72 kq) ilk görüşdə yunanıstanlı Eleni Krisikakiyə 7:3 hesabıyla qalib gəlsə də, 1/4 finalda belaruslu Alina Şaçuka məğlub olub – 0:10. Rəqib finala yüksəldiyi üçün Mərziyə sabah bürünc medal uğrunda türkiyəli Bukrenaz Sərtlə mübarizə aparacaq.

Xəbəri sosial şəbəkələrdə paylaş: