Azərbaycanın qadın güləşçisi Ruzanna Məmmədova Serbiyada təşkil olunmuş U-20 Avropa çempionatının qalibi olub.
Arena.az xəbər verir ki, Serbiyanın Novi Sad şəhərində keçirilən güləş üzrə U-20 Avropa çempionatı davam edir.
Bu gün qadın güləşində 5 çəkidə medalçılar müəyyənləşib.
Elvina Kərimzadə (50 kq) təsəlliverici görüşdə bolqarıstanlı Emine Osmandan güclü olub – 6:3. Ancaq o, bürünc medal uğrunda qarşılaşmada finlandiyalı Roberta Luostarinenə uduzub – 0:10.
Nərgiz Səmədova (55 kq) təsəlliverici görüşdə polşalı Nikola Vişnievskanı “tuş”la mübarizədən kənarlaşdırıb. Həmyerlimiz üçüncü yer uğrunda həlledici qarşılaşmada rusiyalı Yekaterina Çikanovaya məğlub olub – 1:8.
Ruzanna Məmmədova (59 kq) finalda rusiyalı Yelena Kurova ilə üz-üzə gəlib. Gərgin mübarizə şəraitində keçən görüş qarşılıqlı xallarla keçib. Əzmkarlıq göstərən güləşçimiz yekunda 14:10 hesablı qələbəylə Avropa çempionu olub.
Fatimə İsayeva (68 kq) təsəlliverici görüşdə polşalı Karolina Domaşuka müqavimət göstərə bilməyib – 0:10.
Yeri gəlmişkən, dördüncü yarış günündə qadınlardan ibarət Azərbaycan millisinin son 2 üzvü xalçaya çıxıb.
Əsmər Cankurtaran (53 kq) startda macarıstanlı Liliana Kapuvariyə “tuş”la uduzub.
Gülər Həbibova (57 kq) Şimali Makedoniya təmsilçisi Mariya Çvetanova üzərində inamlı qələbə (10:2) qazansa da, 1/4 finalda almaniyalı Mari Trayerə məğlub olub – 1:4.
Qeyd edək ki, U-20 Avropa çempionatı iyulun 7-də başa çatacaq.


