“Səbail”in yay hazırlıq planı açıqlandı – Türkiyəyə gedəcək

Ötən mövsüm Azərbaycan Premyer Liqasındakı yerini çətinliklə qoruya bilən “Səbail”in yay hazırlıq planı bəlli olub.

Arena.az xəbər verir ki, bu barədə paytaxt klubunun mətbuat xidməti məlumat yayıb.

Xəbərdə bildirilir ki, iyulun 1-də bir araya gələcək komanda iyulun 8-nə qədər məşqlərini Bakıda keçirəcək.

Şahin Diniyevin çalışdırdığı komanda iyulun 9-da toplanışın ikinci mərhələsi üçün Türkiyəyə yola düşəcək. “Dənizçilər” bu müddətdə üç yoxlama oyunu keçirəcək. Rəqiblər və matçların detalları ilə bağlı məlumat qarşıdakı günlərdə veriləcək.

Xatırladaq ki, “Səbail” bu yay transfer bazarındakı ən fəal klublarımızdan biridir. “Dənizçilər” Emil Martinov, Qoba Zakpa, Luvaqa Kizito, Qustavo de Fransa, Franko Mazurek, Petro Stasyuk, Ruslan Hacıyev, Murabdulla Abbasov, Nihad Qurbanlı, Turan Manafov, Maksim Çex və Emil Balayev kimi futoblçularla vidalaşıblar. Paytaxt klubu yalnız Vüqar Həsənovla yeni müqavilə imzalamağa ehtiyac duyub. Gedənlərin əvəzində isə Yusif Nəbiyev, Süleyman Əhmədov, Rüfət Abdullazadə, Səlahət Ağayev, Bahadur Həziyev və Amil Yunanov kimi futbolçular transfer olunub.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: