Sənan Süleymanov Zaqrebdə çempion oldu!

Azərbaycan güləşçisi Sənan Süleymanov Xorvatiyanın paytaxtı Zaqreb şəhərində təşkil olunmuş reytinq turnirinin qalibi olub.

Arena.az xəbər verir ki, bu gün daha 6 güləşçimiz sözügedən turnirdə mübarizə aparıb.

Yunan-Roma güləşi üzrə yığmamızın üzvü Sənan Süleymanov (77 kq) türkiyəli Ahmet Yılmaz (3:1), bolqarıstanlı Aik Mnatsakanyan (2:0) və almaniyalı İdris İbayevə (9:0) qalib gələrək yarımfinala yüksəlib. Bu mərhələdə Türkiyənin digər təmsilçisi Yunus Emre Başarı (3:3) sonuncu xal prinsipinə əsasən üstələyən Süleymanov finalda macarıstanlı Joltan Levayla qarşılaşıb. Sənan hesabda 5:0 öndə olarkən rəqib zədələnib və güləşçimiz turnirin qalibi olub.

Bu çəkidəki digər təmsilçimiz Xasay Həsənli ilk mərhələdə finlandiyalı Conni Sarkkinenə uduzub – 3:8.

İslam Abbasov (87 kq) 1/16 finalda macarıstanlı İştvan Takaça minimal fərqlə məğlub olub – 2:3.

Qadın güləşində Alyona Kolesnik (59 kq) ilk turda ukraynalı Alina Filipoviçə (5:2) qalib gəldikdən sonra moldovalı Mariana Esanuyə uduzub – 3:4. Kolesnik son turda macarıstanlı Nikolet Şaboyla qarşılaşıb. Alyona 0:8 hesabıyla geriyə düşsə də, əzmkarlıq nümayiş etdirib. Təmsilçimiz 11:8 hesablı qələbəylə bürünc medala sahib çıxıb.

62 kq-da yarışan Birgül Soltanova təsnifat mərhələsində fransalı İriş Tibunu mübarizədən kənarlaşdırıb – 6:0. Ancaq 1/8 finalda rusiyalı Veranika İvanova keçilməz olub – 0:11.

Elis Manolova (68 kq) ilk mərhələdə hindistanlı Radika Radikaya məğlub olub – 4:7.

Xatırladaq ki, yarışın ilk günündə çıxış edən 7 sərbəst güləşçimizdən 3-ü – Əliabbas Rzazadə, Nurəddin Novruzov (hər ikisi 61 kq) və Cəbrayıl Qadjiyev (74 kq) bürünc medal qazanmışdılar.

Xəbəri sosial şəbəkələrdə paylaş: