Səudiyyə Ərəbistanı Peşəkar Liqasının 2024/2025-ci illər mövsümünün 1-ci turunda “Əl-Nəsr” “Əl-Raed”i qəbul edib.
Arena.az məlumat verir ki, “Əl-Nəsr”in portuqal ulduz hücumçusu və kapitanı Kristiano Ronaldo bu oyunda hesabı açsa da, “Əl-Raed” bərabərlik qolunu vuraraq, məğlubiyyətdən qurtula bilib.
Əlavə edək ki, Ronaldo bu oyunda daha bir qol vursa da, VAR briqadası oyundankənar vəziyyət müəyyən edərək, qolu hesaba almayıb.
1-ci turdan sonra “Əl-Nəsr” 1 xalla yarış cədvəlinin 4-cü pilləsində, “Əl-Raed” isə 5-ci pilləsində qərarlaşıb. Səudiyyə Ərəbistanı çempionatına 3 xalla “Əl-Taavun” başçılıq edir.
Kristiano Ronaldo 2023-cü ilin yanvarından “Əl-Nəsr”də çıxış edir. Portuqal ulduz ərəb klubuna 2023-cü ilin yanvarında “Mançester Yunayted”dən azad agent qismində keçib.
Ronaldonun “Əl-Nəsr”lə müqaviləsi 2025-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.
Geridə qalmış mövsümdə Ronaldo “Əl-Nəsr”in heyətində bütün yarışlarda 45 oyuna çıxıb, 44 qol vurub, 13 məhsuldar verib.
Cari mövsümə isə Ronaldo “Nəcd cəngavərləri”nin heyətində bütün yarışlarda 3 oyuna 3 qol və 1 məhsuldar ötürmə ilə fərqlənib. Kristianonun “Əl-Nəsr” karyerası ümumilikdə 67 oyun, 61 qol və 16 məhsuldar ötürmədən ibarətdir.
Xatırladaq ki, Ronaldo “Əl-Nəsr”dən öncə “Real”, “Mançester Yunayted”, “Yuventus”, “Sportinq” (Lissabon) komandalarında çıxış edib. Portuqal ulduz bu komandaların hər biri ilə çoxsaylı qənimətlər qazanıb, müxtəlif rekordlara imza atıb. Maraqlıdır ki, Ronaldo “Əl-Nəsr”lə hələ heç bir qənimət qazanmayıb. Qolçuluq mükafatları ilə yanaşı, Ronaldonun “Əl-Nəsr”dəki yeganə uğuru ötən mövsümün ən yaxşı oyunçusu seçilməsidir.
Kristiano hazırda kapitanı olduğu, 2003-cü ilin avqust ayının 20-də debüt etdiyi Portuqaliya yığmasının heyətində 212 oyun keçirib, 130 qol vurub və 45 məhsuldar ötürmə verib. Ronaldonun yığma komandanın heyətindəki oyun və qol sayı mütləq dünya rekordudur.
“Transfermarkt” internet-portalı 39 yaşlı veteran hücumçunun transfer dəyərini 15 milyon avro məbləğində qiymətləndirir.


