Səudiyyə Ərəbistanı Suveren Fondu (PIF) maliyyələşdirdiyi aparıcı klublara qış transferləri üçün maliyyə məhdudiyyətləri tətbiq edib.
Arena.az bu barədə AS dərgisinə istinadən məlumat verir.
Səudiyyə Ərəbistanı Suveren Fondunun maliyyələşdirdiyi əsas klublar isə ölkənin futbol nəhəngləri – “Əl-Hilal”, “Əl-Nəsr”, “Əl-İttihad” və “Əl-Əhli” klublarıdır.
Vurğulayaq ki, fondun dəstəyi olmadan klublar xüsusilə böyük əməliyyatlarla müşayiət edilən transferləri həyata keçirə bilməyəcəklər. Yanvarda hər bir klub heyətini gücləndirib-gücləndirməyə qərar verəcək, amma istənilən alış bir sıra ciddi tələblərə cavab verməli olacaq. Hazırda klubların təkbaşına, dövlətin maliyyə vəsaiti olmadan yüksək səviyyəli futbolçuları dəvət etmək imkanı artıq yoxdur.
Beləliklə, Səudiyyə Ərəbistanı klubları 2023-cü ilin yayında olduğu kimi qışda hüdudsuz alış-veriş edə bilməyəcəklər. Ötən il Səudiyyə Ərəbistanı klubları yeni futbolçuların keçidinə 875,4 milyon dollar məbləğində xərc çəkiblər. Bu, İngiltərə Premyer Liqasından sonra dünyada ikinci nəticədir.
Vurğulayaq ki, Səudiyyə Ərəbistanının futbol nəhənglərinin heyətidə dünya futbolunun ulduzları yer alıblar: “Əl-Nəsr”də portuqal hücumçu Kristiano Ronaldo, “Əl-Hilal”da braziliyalı hücumçu Neymar, “Əl-İttihad” isə fransalı hücumçu Kərim Benzema. Həmçinin digər klubların heyətində xeyli adlı-sanlı oyunçu yer alıb və bu axın bu gün də davam edir.


