“Sabah” “Baxçaşəhər”ə səfərdə də uduzdu

Azərbaycanın basketbol üzrə “Sabah” komandası FIBA Avropa Kubokunun müntəzəm mövsümündə (2023/2024) bu gün növbəti oyununa çıxıb.

Arena.az xəbər verir ki, D qrupunda yer almış Azərbaycan çempionu beşinci oyununda Türkiyə təmsilçisi “Baxçaşəhər”lə üz-üzə gəlib.

İstanbulda yerləşən “Ülkər” İdman Zalında təşkil olunan görüşə Bakı vaxtı ilə saat 20:00-da start verilib. Qarşılaşmanın yekununda meydan sahibləri qələbə qazanıblar.

Xatırladaq ki, “Sabah” müntəzəm mövsümün 2-ci turu çərçivəsində “Baxçaşəhər”lə ev oyunundan da 65:83 hesablı məğlubiyyətlə ayrılmışdı.

Komandamız Monteneqroda “Mornar”a qarşı keçirdiyi oyunda 75:80 hesabıyla uduzsa da, bu rəqibinə Bakıda 81:74 hesabıyla qalib gəlib. Qrup lideri olan Çexiya “Nimbruk”u ilə oyun da təmsilçimiz üçün uğursuz alınıb – 61:95.

Hazırda Azərbaycan çempionunun hesabında 6 xal var və qrup üçüncüsüdür. “Başakşəhər” isə 9 xalla D qrupunun lideridir.

FIBA Avropa Kuboku
D qrupu, 5-ci tur
15 noyabr

“Baxçaşəhər” – “Sabah” 99:80
İstanbul. “Ülkər” İdman Zalı.

Xal: Baxçaşəhər – 9. Nimbruk – 7. Sabah – 6. Mornar – 5.

Qarşılaşmadan sonra Azərbaycan çempionunu məşqçisi Nikola Bojinovski “Baxçaşəhər”ə qarşı keçirdikləri oyunu belə şərh edib:

“Güclü rəqibə qarşı mübarizə aparacağımızı bilirdik. Lakin ilk hissədə oyunun bu cür keçəcəyini gözləmirdik. Fasilədən sonra daha yaxşı təsir bağışladıq. Müdafiədə diqqətli oynadıq. İkinci hissədə xarakter göstərdik və hesab arasındakı fərqi azaltdıq. FIBA Avropa Kubokunda azarkeşlərimiz önündə keçirəcəyimiz son oyunda yaxşı çıxış etmək üçün əlimizdən gələni edəcəyik. Lakin “Nimburk” da lider “Baxçaşəhər”lə bərabər ən yaxşı qrup ikincisi kimi növbəti mərhələyə yüksəlməyi qarşısına məqsəd qoyub. Bu baxımdan çətin oyun olacaq”.

Xəbəri sosial şəbəkələrdə paylaş: