Basketbol üzrə Azərbaycan çempionu “Sabah” bu gün FİBA Avropa Kubokunun təsnifat mərhələsində ilk oyununa çıxıb.
Arena.az xəbər verir ki, FİBA Avropa Kubokunun 2023/2024 mövsümünün təsnifat mərhələsinin A qrupunun oyunları Şimali Makedoniyanın paytaxtı Skopye şəhərində təşkil olunub.
Azərbaycan çempionu ilk sınağına Niderland təmsilçisi “Donar” (Qroningen) önündə çıxıb. Skopyedəki Boris Traykovski adına İdman Mərkəzində baş tutan qarşılaşma gərgin alınıb. Yekunda Bakı təmsilçisi qroningenlilər üzərində 75:72 hesablı qələbəyə sevinib.
Qeyd edək ki, “Sabah” 18 illik fasilədən sonra Azərbaycanı avrokuboklarda təmsil edən ilk komandadır. Azərbaycan çempionu bu qrupda “Rapid” (Buxarest, Rumıniya) və “Rabotniçki” (Skopye, Şimali Makedoniya) ilə də qarşılaşacaq. Qrupun qalibi turnirin müntəzəm çempionatına vəsiqə qazanacaq. Komandamız ikinci oyununu oktyabrın 3-də yerli “Rabotniçki”yə qarşı keçirəcək.


