“Sabah” “Rapid”ə də qalib gəldi, növbəti mərhələyə yüksəldi

Basketbol üzrə Azərbaycan çempionu “Sabah” bu gün FİBA Avropa Kubokunun təsnifat mərhələsində növbəti oyununa çıxıb.

Arena.az xəbər verir ki, FİBA Avropa Kubokunun 2023/2024 mövsümünün təsnifat mərhələsinin A qrupunun oyunları Şimali Makedoniyanın paytaxtı Skopye şəhərində təşkil olunub.

Azərbaycan çempionu təsnifatdakı üçüncü və sonuncu sınağında Rumıniyanın “Rapid” komandası ilə üz-üzə gəlib. Boban Mitevin yetirmələri həlledici oyundan da qələbə ilə ayrılıb. Bakı klubu 90:71 hesablı qələbəyə sevinib.

Xatırladaq ki, Azərbaycan çempionu ilk sınağında Niderland təmsilçisi “Donar”ı (Qroningen) 75:72 hesabı ilə məğlub etmişdi. İkinci oyunda isə komandamız Şimali Makedoniyanın “Rabotniçki” kollektivinə 83:81 hesabı ilə qalib gəlmişdi.

Qeyd edək ki, “Sabah” 18 illik fasilədən sonra Azərbaycanı avrokuboklarda təmsil edən ilk komandadır. Azərbaycan çempionu hər üç oyundan qələbə ilə ayrılmaqla qrupun qalibi olub və FİBA Avropa Kubokunun müntəzəm çempionatına vəsiqə qazanıb.

Komandamız növbəti mərhələdə “Baxçaşəhər Koleji” (Türkiyə), “Mornar” (Monteneqro) və “Nimburk” (Çexiya) ilə bir qrupda mübarizə aparacaq. Qrup mərhələsinin ilk turu oktyabrın 18-də start götürəcək. “Sabah” startda “Mornar”la qarşılaşacaq. Bu oyun səfərdə baş tutacaq.

“Rapid”lə oyundan sonra komandanın baş məşqçisi Boban Mitev qələbə ilə bağlı fikirlərini bildirib:

“Praktiki olaraq yaxşı çıxış etdik. Bilirdim ki, fərdi bacarıqları yüksək olan oyunçularım var. Mənim işim bu fərdi keyfiyyətləri sistemli komanda oyununa çevirmək idi. Düzünü desəm, biz bura minimum bir oyunda qələbə qazanmağa gəlmişdik. Bəzi epizodlarda ribaundda, bəzən müdafiədə və atışlarda uğursuz olsaq da, bu oyun qrupda keçirdiyimiz ən yaxşı qarşılaşma idi. Oyunçular əsl döyüşçü kimi mübarizə apardılar. Biz düzgün yoldayıq. Belə düşünməyə nikbin əsaslarım var. Bakıda keçirəcəyimiz avrokubok oyunlarında tribunaları dolu görmək istəyirəm”.

Xəbəri paylaş:
Bizi izləyin: