Futbol üzrə Azərbaycan çempionu “Sabah” Avstriyanın Tirol bölgəsindəki təlim-məşq toplanışı çərçivəsində bu gün növbəti yoxlama matçına çıxıb.
Arena.az xəbər verir ki, paytaxt təmsilçisi Macarıstanın “Ferentsvaroş” komandası ilə qarşılaşıb.
Qarşılaşma 120 dəqiqə oynanılıb (hər hissə 60 dəqiqə olmaqla). İki qolun qeydə alındığı matç 1:1 hesablı heç-heçə ilə yekunlaşıb. “Sabah”ın qoluna ikinci hissədə Cafet Bulus imza atıb. 19 yaşlı nigeriyalı hücumçu paytaxt klubunun əvəzedici heyətindən əsas komandaya cəlb edilib.
Baş məşqçi Valdas Dambrauskas bu qarşılaşmada aşağıdakı start heyətinə şans verib:
Stas Pokatilov, Aleksey İsayev, İvan Lepinitsa, Eyden Makkarti, Stiv Solvet, Rodriqo Fernandeş, Timoteuş Puxaç, Akim Zedadka, Kahim Parris, Aaron Maluda, Coy-Lens Mikels.
Oyuna sonradan daxil olanlar: Rauf Eyyubov, Rəhman Daşdəmirov, Junior Almeyda, Cafet Bulus, Şahin İbrahimov, Rauf Rüstəmli, Qodfrey Boakye, Cəfər Muxtarov, Umarali Rahmonaliyev, Abdulla Xaybullayev, Yunes Laşaab, Patrik Orfe Mbina.
Xatırladaq ki, Azərbaycan çempionu toplanış çərçivəsində ilk yoxlama oyununda Rumıniyanın “Universitatya” (Krayova) komandası ilə də 1:1 hesablı heç-heçə etmişdi. Komanda Avstriya toplanışında son oyununu Ukrayna təmsilçisi “Polesye”yə qarşı keçirəcək. Görüş iyulun 2-də baş tutacaq.


