“Sabah” U-15 Liqasının da qalibi oldu – Fotolar

Ötən gün “ASCO Arena”da keçirilmiş “Sabah” – “Neftçi” qarşılaşması ilə U-15 Liqasının 2022/2023 mövsümünə yekun vurulub.

Arena.az xəbər verir ki, finalda rəqibini 1:0 hesabı ilə məğlub edən “Sabah” U-15 Liqasının qalibi olub. Matçda yeganə qolu İslam Həsənov vurub.

Üçüncü yer uğrunda oyunda isə “Zirə” “Araz Naxçıvan” üzərində 6:0 hesablı qələbə qazanıb.

Final qarşılaşmasından sonra mükafatlandırma mərasimi təşkil olunub. İlk üç yeri tutan komandalara medallar və diplomlar, çempion “Sabah” komandasına isə kubok verilib.

Mükafatları AFFA Məşqçilər Komitəsinin üzvü Yaşar Vahabzadə, Kütləvi Futbol Departamentinin rəhbəri Fərrux İsmayılov, U-15, U-16 milli komandalarının baş məşqçisi İlham Yadullayev və Uşaq və Gənclər üzrə Yarışların Təşkili şöbəsinin rəisi Yusif Vəliyev təqdim ediblər.

“Sabah” komandasının üzvü İslam Həsənov 76 qolla liqanın ən məhsuldar oyunçusu olub. “Neftçi” komandasının üzvü Elvin Vəliyev isə AFFA U-15 Liqasının ən yaxşı oyunçusu seçilib və xüsusi hədiyyə ilə mükafatlandırılıb.

Sonda onu da xatırladaq ki, “Sabah”ın komandaları bu mövsüm 4-cü çempionluğu bayram edir. U-15-dən əvvəl U-13, U-16 və U-17 də mövsümü qızıl medallarla başa vurmuşdu. Klubun U-14 komandası isə gümüş medallarla kifayətlənib.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: