“Sabah”ın “Sumqayıt”la matçı təxirə salındı – “Partizan”a görə

Azərbaycanı Avropa Konfrans Liqasında təmsil edən “Sabah” klubu Peşəkar Futbol Liqasına və “Sumqayıt”a müraciət ünvanlayıb.

Arena.az xəbər verir ki, Masazır təmsilçisi Konfrans Liqasındakı rəqibi “Partizan”la (Serbiya) cavab görüşünə daha yaxşı hazırlaşmaq məqsədilə Azərbaycan Premyer Liqasının 2-ci turunun “Sumqayıt”la görüşünün təxirə salınmasını istəyib.

Paytaxt klubunun rəsmi müraciətini, “Sumqayıt”nı razılıq məktubunu əsas götürən Peşəkar Futbol Liqası ölkə idmanının beynəlxalq səviyyədə daha yaxşı təmsil olunmasını rəhbər tutaraq Premyer Liqanın 13 avqust tarixinə nəzərdə tutulmuş “Sumqayıt” – “Sabah” oyununu təxirə salıb.

Görüşün yeni tarixi ilə bağlı əlavə məlumat PFL-in rəsmi saytında veriləcək. Klubların Əvəzedicilər Liqasında çıxış edən təmsilçilərinin oyunları qüvvədə qalır.

Qeyd edək ki, PFL digər avrokubok təmsilçilərimizdən oxşar müraciət daxil olmadığını da vurğulayıb.

“Bayquşlar”ın “Partizan”la Masazırda baş tutan ilk oyunu Azərbaycan təmsilçisinin 2:0 hesablı qələbəsiylə bitib. Bu komandalar arasındakı cavab görüşü avqustun 17-də Belqradda keçiriləcək. Həmin gün “Qarabağ” Avropa Liqası çərçivəsində Finlandiyada HJK-nın, “Neftçi” isə Konfrans Liqası çərçivəsində Türkiyədə “Beşiktaş”ın qonağı olacaq. “Qarabağ” da rəqibinə Bakıdakı ilk oyunda 2:1 hesabıyla qalib gəlib. “Neftçi” isə doğma meydandakı ilk matçında 1:3 hesabıyla uduzub.

“Qarabağ” Azərbaycan Premyer Liqasının 2-ci turunda sabah doğma meydanda “Turan Tovuz”u, “Neftçi” isə ayın 14-də “Səbail”i qəbul edəcək.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: