“Torino”nun italyan sabiq futbolçusu Rozolino Selesiya Palermoda gecə klublarının birində ölümcül güllələnib.
Arena.az bu barədə “L’Unione Sarda” dərgisinə istinadən məlumat verir.
22 yaşlı Selesiya xəstəxanaya aparılsa da, yolda dünyasını dəyişib. Rozolino üç sayda – boyun və döş nahiyəsindən güllə yarası alıb. Münaqişə gecə klubunun tualetində baş verib. Daha sonra polis cinayəti törətməkdə şübhəli bilinən iki qardaşı saxlayıb.
Əvvəllər Selesiya “Torino”nun gənclərdən ibarət komandalarında oynasa da, sonradan butslarını mıxdan asıb.
“Prezident Urbano Kair və bütün “Torino” Futbol Klubu gənclər komandasının keçmiş oyunçusu Rozolino Selesiyanın ölümü ilə bağlı ailəsinin ağrısını səmimi qəlbdən bölüşür. Onun yaxınlarına, bütün qohumlarına və çoxlu dostlarına başsağlığı və qucaqlarımızı göndəririk”, – “Torino”nun Rozolino Selesiyanın ölümü ilə bağlı bəyanatında deyilir.


