Seneqal milli komandasının tarixində ən çox qol vurmuş futbolçu olan Sadio Mane yığmadakı karyerasını başa vurduğunu açıqlayıb.
Arena.az xəbər verir ki, bu barədə Seneqal mətbuatı məlumat yayıb.
34 yaşlı hücumçu millidən ayrılarkən azarkeşlərə emosional vida mesajı ünvanlayıb:
“Bilin ki, bu bayraq naminə hər şeyimi qurban vermişəm. Bütün gücümü ortaya qoymuşam və hər zaman ölkəmiz uğrunda sonadək mübarizə aparmışam”, – deyə Mane bildirib.
Sadio Mane Seneqal millisinin heyətində 130 oyuna çıxıb, 54 qola imza ataraq komandanın tarixinin ən yaxşı bombardiri olub.
O, milli ilə birlikdə 2021-ci ildə Afrika Millətlər Kubokunun qalibi olub, həmçinin 2019 və 2026-cı illərdə turnirin gümüş medallarını qazanıb.
Mane 2023-cü ildən Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunda çıxış edir və 2026-cı ildə bu komandanın heyətində ölkə çempionu olub.
Təcrübəli hücumçu karyerası ərzində “Mets”, “Zalsburq”, “Sauthempton”, “Liverpul” və “Bayern”in də formasını geyinib. O, “Liverpul”un heyətində İngiltərə Premyer Liqasının, İngiltərə Kubokunun, Liqa Kubokunun, UEFA Çempionlar Liqasının və UEFA Super Kubokunun qalibi olub. Hücumçu “Bayern”lə isə Almaniya Bundesliqasını və Almaniya Super Kubokunu qazanıb.


