Azərbaycan millisinin qapıçısı Şahruddin Məhəmmədəliyev Türkiyənin “Adana Dəmirspor” komandasında növbəti oyununa çıxıb.
Arena.az xəbər verir ki, Adana təmsilçisi bu gün 37-ci tur çərçivəsində səfərdə “Antalyaspor”la qarşılaşıb.
Şahruddinin komandası bu oyundan məğlubiyyətlə ayrılıb – 1:2.
Məhəmmədəliyev bu oyuna start heyətdə başlayıb və 90+2-ci dəqiqədə əvəzlənib. O, hər hissədə bir qol buraxıb. İlk qolunu Şahruddinin komanda yoldaşı öz qapısına vurub.
“Adana Dəmirspor” bu nəticədən sonra 44 xalla 20 iştirakçı arasında 11-ci pillədə qərarlaşıb. “Antalyaspor” isə 48 xalla 10-cudur.
Xatırladaq ki, Şahruddin Məhəmmədəliyev 2023-cü ilin yayında “Qarabağ”dan keçdiyi Türkiyə klubu ilə 2 illik müqavilə bağlayıb. O, “Adana Dəmirspor”da indiyə qədər 25 matça çıxıb, 40 qol buraxıb, 5 “quru” matç keçirib.


